“I Avropa Oyunları Azərbaycan iqtisadiyyatının bütün sahələrinin inkişafına müsbət təsir göstərəcək” Hadisə

“I Avropa Oyunları Azərbaycan iqtisadiyyatının bütün sahələrinin inkişafına müsbət təsir göstərəcək”

Heydər Şiyə Qubeyşi əl-Barrak: "Ölkəni daha çox tanıdacaq və turistlərin cəlb olunmasına imkan yaradacaq"

Adil Əliyev: "Birinci Avropa Oyunları idman və müstəqillik tariximizin qürurverici səhifələrindən biri olacaq"

Şəmsəddin Hacıyev: "Azərbaycanın imicinə ləkə və qara yaxmaq istəyən qüvvələr var"

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) birinci Avropa Oyunlarının operativ işıqlandırılması məqsədilə növbətçilik rejimində fəaliyyət göstərəcək. Bu barədə qərar BŞGİBİ-nin rəisi Raqif Abbasovun sədrliyi ilə Baş İdarədə keçirilən ümumi yığıncaqda qəbul edilib. İclasda Oyunların gedişi, əsas nəticələrlə bağlı ictimaiyyətin məlumatlandırılması üçün "qaynar xətt"in yaradılması qərara alınıb. Bununla bağlı işçi qrup formalaşdırılıb. Bu barədə ictimaiyyətə yaxın günlərdə məlumat veriləcək.
Əcnəbilər də Avropa Oyunlarının Azərbaycana xeyir verəcəyini deyirlər.
İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak bildirib ki, I Avropa Oyunları Azərbaycanın parlaq tarixində həmişəlik qalacaq böyük və əhəmiyyətli hadisədir. Onun sözlərinə görə, I Avropa Oyunları Azərbaycan iqtisadiyyatının bütün sahələrinin inkişafına müsbət təsir göstərəcək, ölkəni daha çox tanıdacaq və turistlərin cəlb olunmasına imkan yaradacaq: "Əminəm ki, Azərbaycan I Avropa Oyunlarını uğurla həyata keçirəcək. Qonaqlar yaxşı qarşılanacaq, çünki ölkə qonaqpərvərliyi ilə məşhurdur. Bundan başqa, Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi var. Bakıda keçiriləcək I Avropa Oyunlarının uğuruna şübhə etmirəm".
Milli Məclisin deputatı Adil Əliyev deyib ki, Birinci Avropa Oyunları idman və müstəqillik tariximizin qürurverici səhifələrindən biri olacaq. Artıq iyun ayında Azərbaycanda böyük idman bayramı gerçəkləşəcək: "Birinci Avropa Oyunları Azərbaycanda baş tutacaq. Belə nəhəng idman tədbirinin ölkəmizdə reallaşması, əlbəttə, hər bir azərbaycanlını sevindirdiyi kimi, məni də qürurlandırır. Bu, əslində, böyük tarixi hadisədir". O bildirib ki, ilk Avropa Oyunları bu qitəni təmsil edən ən say-seçmə idmançıların yarışı olacaq.
Millət vəkilinin sözlərinə görə, hər bir avropalı görməlidir ki, Azərbaycan ermənilərin və onların dəyirmanına su tökən qüvvələrin təqdim etdikləri kimi deyil: "Əksinə, Azərbaycan bütün parametrlər üzrə çox ölkələri üstələyən göstəricilərə malikdir. Bir vacib məqamı qeyd etmək istəyirəm. Birinci Avropa Oyunlarının və bundan əvvəlki tədbirlərin Azərbaycanda təşkil edilməsinin xronoloji ardıcıllığına nəzər salsanız, görərsiniz ki, Azərbaycandan fərqli olaraq, bəzi dövlətlər belə məsuliyyətli tədbirlərin təşkilini öz üzərlərinə götürməyə risk etmirlər. Bu, açıq-aşkar Azərbaycanın güclü dövlət olmasına dəlalət edir. Ulu öndər Heydər Əliyev Azərbaycanda idmanın inkişafına böyük qayğı göstərirdi. Həmin siyasət bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminəm ki, birinci Avropa Oyunlarında idmançılarımızın qazandığı yüksək nəticələr xalqımızı sevindirəcək. Bu Oyunlar nəinki, idman, həm də müstəqillik tariximizin qürurverici səhifələrindən biri olacaq".
Sabiq millət vəkili Anar Axundzadə bildirib ki, Azərbaycanda belə bir möhtəşəm tədbirin - ilk Avropa Oyunlarının keçirilməsi çox qürurverici bir hadisədir. Sabiq millət vəkili qeyd edib ki, bu, bir daha prezident İlham Əliyev başda olmaqla, ölkə rəhbərliyinin apardığı uğurlu siyasətin nəticəsidir. Onun sözlərinə görə, Azərbaycanda aparılan uğurlu iqtisadi siyasətlə yanaşı, görülən böyük quruculuq-abadlıq işləri, eyni zamanda, beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün yaradılan şərait onu göstərir ki, beynəlxalq təşkilatlar Azərbaycanda mötəbər tədbirlərin keçirilməsinə çox məmnuniyyətlə önəm verirlər: "Avropa Oyunlarının Azərbaycanda keçirilməsi eyni zamanda, bütün Avropa icmaiyyətində Azərbaycanı tanımaq imkanlarını genişləndirir. Çox az bir zaman qaldı ki, bütün dünyanın kameraları üzünü Azərbaycana çevirsin, bütün dünya Azərbaycandan danışsın. Bu, hər bir azərbaycanlı və Azərbaycan sevən bütün insanlar üçün qürur keçirəcək bir hadisədir. Ümumiyyətlə, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin dünyada daha yaxından tanınması, haqq səsimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında bizə yeni-yeni imkanlar yaradacaq. Oyunlarda mübarizə aparmaq üçün 50-yə yaxın ölkədən 6 minə yaxın idmançı, həmçinin kifayət qədər azarkeş Azərbaycana təşrif buyuracaq ki, bu da on minlərlə insanın Azərbaycanın haqq səsi, Dağlıq Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandırılması demək olacaq. Eyni zamanda bu oyunlar Azərbaycan turizminin də inkişaf etməsinə, xarici turistlərin ölkəmizə marağının və axınının artmasına gətirib çıxaracaq. Hesab edirəm ki, Birinci Avropa Oyunları Azərbaycana yalnız və yalnız uğur gətirəcək". O, daha sonra bildirib ki, Azərbaycan Birinci Avropa Oyunlarına evsahibliyi etməklə dünyanın, Avropanın idman tarixinə öz adını yazmış olacaq. "Hər zaman Azərbaycanın adı İlk Avropa Oyunlarının təşkilatçısı kimi çəkiləcək" - deyən, eks millət vəkilinin eyni zamanda, bildirdiyinə görə, Birinci Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirən ermənipərəst antiAzərbaycan qüvvələr, dairələr həmin oyunlara start verilən günə qədər yalan, böhtan yaymaqda davam edəcəklər. "Təbii ki, ölkəmizin bu qədər dünyada yüksək mövqe tutması Azərbaycana məkirli düşmən mövqe tutan təşkilat və müəyyən qüvvələrin qısqanclığına səbəb olacaq. Heç şübhəsiz ki, onlar da öz məkirli mövqelərini nümayiş etdirmək, bu motəbər tədbirə qara yaxmaq üçün dəridən-qabıqdan çıxacaqlar. Amma çox az müddətdən sonra dünya Azərbaycanın gücündən, inkişafından danışacaq və bu da Azərbaycanın düşmənlərinə layiqli cavab olacaq" - deyə, o, sözlərinə əlavə edib.
Milli Məclisin Elm və Təhsil Komitəsinin və Yeni Azərbaycan Partiyasının (YAP) Səbail Rayon Təşkilatının sədri Şəmsəddin Hacıyev bildirib ki, Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi böyük tarixi hadisədir. Onun sözlərinə görə, Azərbaycanın imici və dünyada tanınması üçün "Bakı 2015" ilk Avropa Oyunlarının böyük əhəmiyyəti var: "Əgər Azərbaycan bu oyunların keçirilməsini öz üzərinə götürməsəydi, bəlkə də, ilk Avropa Oyunları baş tutmayacaqdı. Ölkə başçısının bilavasitə rəhbərliyi altında və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşkilat komitəsinə sədrliyi ilə çox qısa müddətdə və ən yüksək səviyyədə Avropa Oyunları üçün müasir idman infrastrukturu yaradıldı, obyektlər inşa olundu və lazım olan avadanlıqlarla təchiz olundu. Bu gün hamı yaxşı bilir ki, Azərbaycan ilk Avropa Oyunlarına tam hazırdır".
Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına da toxunan Ş.Hacıyev deyib ki, hazırda Azərbaycanı istəməyən qüvvələr çoxdur: "Azərbaycanın imicinə ləkə və qara yaxmaq istəyən qüvvələr var. Ancaq bizim dostlarımız düşmənlərimizdən dəfələrə çoxdur. Həmin düşmən qüvvələr Avropa Oyunlarının baş tutmamasına və bunu gözdən salmağa çalışırlar, müxtəlif formada informasiya təxribatlarına cəhdlər var. Amma bütün bunların heç biri bizi qətiyyən qorxutmur. Çünki Azərbaycan bu oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün hazırlıq işlərini uğurla aparıb".
Komitə sədri qeyd edib ki, Avropa Oyunları Azərbaycanın tolerant və yüksək mədəniyyətə, qədim tarixə malik olduğunu dünyada tanıdacaq: "Eyni zamanda Azərbaycanın gələcək iqtisadi və sosial həyatı üçün də müsbət zəminlər yaradacaq. Əminəm ki, Avropa Oyunlarından sonra Azərbaycana turist axını başlayacaq. İnşa olunan yeni obyektlərdən isə gələcəkdə həm Azərbaycan vətəndaşları, həm də xarici turistlər istifadə edəcək. Ən başlıcası isə ilk Avropa Oyunlarını keçirməklə Azərbaycan bütün dünyaya sübut edəcək ki, ayrı-ayrı inkişaf etmiş ölkələrin qısa müddətdə görə bilmədiyi işi Azərbaycan görə bilir. Bu gün Azərbaycan dünya və qlobal əhəmiyyətli tədbirlərə də ev sahibliyi edir. Ona görə də biz ölkə rəhbəri başda olmaqla, bu işdə əməyi olan bütün insanlara minnətdarıq. Hər birimiz fəxr edirik ki, ilk Avropa Oyunları məhz Azərbaycanda təşkil olunacaq. Azərbaycan Avropa Oyunlarına ilk ev sahibliyi etməklə adını tarixə yazacaq".

Əli