BAXCP Azərbaycan xalqına təbrik ünvanladı Hadisə

BAXCP Azərbaycan xalqına təbrik ünvanladı

Milli dövlətçilik qürurumuz müstəqilliyimiz üçün təhlükə törədə biləcək bütün amillərə qarşı ən güclü silaha çevrilməlidir

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Xalq Cümuriyyətinin 97-ci ildönümü - Respublika Günü ilə bağlı Azərbaycan xalqına təbrik ünvanlanıb. Təbrikdə deyilir:

"Əziz həmvətənlər!

Sizi Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 97-ci ildönümü - Respublika Günü münasibətilə ürəkdən təbrik edirik.
Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq kiçik bir zaman kəsiyini əhatə etməsinə baxmayaraq, xalqımızın azadlıq mücadiləsinin və dövlət qurmaq bacarığının göstəricisi kimi mühüm tarixi əhəmiyyətə malikdir. XX əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Həsib Bəy Yusifzadə, Səməd Bəy Mehmandarov, Əli Bəy Hüseynzadə, Əhəməd Ağaoğlu kimi böyük Azərbaycan mütəfəkkirlərinin, istiqlal mücahidlərinin təfəkküründən doğmuş Azərbaycan Xalq Cümhuriyyətinin işıqlı tarixi uzun illər boyu Sovet imperiyasının amansız represiya maşınıyla əzilən xalqımızın azadlıq ideallarını sönməyə qoymamış, mədəniyyətimizin, ədəbiyyatımızın inkişafına, Milli Azadlıq Hərəkatının təşəkkül tapmasına və nəticədə dövlət müstəqilliyimizin yenidən bərpa olunmasına təkan vermişdir.
Bu baxımdan, ilk demokratik respublikamızın tarixi Azərbaycan dövlətçiliyinin qorunması və inkişafı üçün böyük önəm kəsb edir. Zamanın ibrət dərslərindən nəticə çıxarmaq məqsədilə tarixin bu önəmli dönəminə diqqətlə yanaşmaq, Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi üçün daha inamla çalışmaq lazımdır. Milli dövlətçilik qürurumuz müstəqilliyimiz üçün təhlükə törədə biləcək bütün amillərə qarşı ən güclü silaha çevrilməlidir.
Belə bir dönəmdə hər birimizin üzərinə böyük bir məsuliyyət - Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi missiyası düşür. XX əsrin əvvəllərində Şərqdə ilk demokratik dövlət quran bir millət kimi biz bu tarixi missiyanı ləyaqətlə yerinə yetirmək, gələcək nəsillərə bütöv və qüdrətli Azərbaycan miras qoymaq əzmində olmalıyıq.
Ümid edirik, milli birliyimiz və dövlətçiliyimizə sədaqətimiz nəticəsində Azərbaycanın bütövlüyünə və qarşımızda duran bütün problemlərin həllinə nail olacağıq.
Sizi bu böyük bayram münasibətilə təbrik edir, hər birinizə Azərbaycan Respublikasının vətəndaşı adını şərəf və qürurla daşımağı arzulayıram".