“Bağlanış mərasimi çox yüksək səviyyədə keçdi” Hadisə

“Bağlanış mərasimi çox yüksək səviyyədə keçdi”

Siyavuş Novruzov: "Bu ilk Oyunlar standartları müəyyənləşdirdi"

Rauf Əliyev: "Azərbaycan bütün dünyaya yüksək mədəni-mənəvi dəyərlərə malik bir xalq olduğunu nümayiş etdirdi"

Nikolay Patskeviç: "Biz, təsirli və həyəcanverici bağlanış mərasiminə şahid olduq"

Teymuraz Şaraşenidze: "Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi böyük idman tədbirinə layiqli final oldu"

"Bağlanış mərasimi çox yüksək səviyyədə keçdi. Hesab edirəm ki, Oyunların həm açılışı, həm gedişatı, həm də yekunu çox yüksək şəkildə həyata keçirildi. Orada olan bütün yenilikləri, atılan bütün addımları xüsusi vurğulamaq lazımdır". Bunu deputat Siyavuş Novruzov Bakı-2015 Avropa Oyunlarının bağlanış mərasimini şərh edərkən deyib.
O, qeyd edib ki, bu ilk Oyunlar standartları müəyyənləşdirdi: "Əslində, elə bir standartlar müəyyənləşdirdi ki, inanmıram hansısa ölkə bu cür Avropa Oyunları keçirsin".
S.Novruzov bildirib ki, bu Oyunların Azərbaycanda keçirilməsi heç də təsadüfi deyildi: "Azərbaycanda keçirilən beynəlxalq idman yarışları, dünya, Avropa çempionatları, lisenziyalı oyunlar, Azərbaycanda tikilən idman qurğuları və avadanlıqlar imkan verirdi ki, ölkəmiz bu Oyunları çox yüksək şəkildə həyata keçirsin. Rusiyaya Olimpiya Oyunlarının keçirilməsi üçün 7 il vaxt verilmişdisə, Azərbaycana bunun üçün 2,5 il vaxt ayrılmışdı. Rusiyada idmançıların sayı 3000 idisə, Azərbaycanda 6000 idi".
Millət vəkili vurğulayıb ki, ilk Avropa Oyunları çox yüksək şəkildə, tamamilə təhlükəsizlik şəraitində, təhlükəsizlik məsələlərinin tamamilə təmin olunması şərti ilə keçirilib: "Bununla bağlı ayrı-ayrı telekanallar, idman aləmi, mütəxəssislər də öz fikirlərini bildirərək qeyd edirlər ki, Azərbaycan bu Oyunları yüksək səviyyədə keçirdi. Açılış mərasimi də çox yüksək səviyyədə keçirildi. Xüsusilə, açılış mərasimində Azərbaycanın təbliğatı özünü yüksək formada göstərmişdi".
Millət vəkili Rauf Əliyev deyib ki, dünyanın idman tarixində ilk dəfə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən I Avropa Oyunları iyunun 28-də Milli Olimpiya Stadionunda möhtəşəm bağlanış mərasimi ilə başa çatdı. O, qeyd edib ki, açılış mərasimindən başlamış mərasiminə qədər 17 gün ərzində dünyanın bütün qitələrində - hər yerdə yüz milyonlarla tamaşaçı əsl idman bayramının şahidi oldu: "Bağlanış mərasimi açılış mərasimindən də möhtəşəm, təkrarolunmaz, hamını heyran qoyan bir səviyyədə keçirildi. Açılış mərasimi Azərbaycanın tarixini, milli-mənəvi dəyərlərini, mədəniyyətini əks etdirən kompozisiyalardan ibarət idisə, bağlanış mərasimi Azərbaycanın müasir dövrünü, dinamik inkişafını, gələcəyini əks etdirən orijinal, hələ uzun müddət yaddaşlardan silinməyəcək möhtəşəm bir tədbir kimi tarixdə qalacaq".
R.Əliyev bildirib ki, Azərbaycan həm bu idman bayramının təşkilatçısı kimi, həm də idmançılarımızın 50 iştirakçı dövlət arasında əldə etdiyi möhtəşəm tarixi qələbələrlə dünyada özünü bir daha idman ölkəsi kimi təsdiqlədi: "Avropa qitəsi ilə Asiya qitəsinin kəsişməsində yerləşən, şərq dəyərləri ilə yaşayan, eyni zamanda, mütərəqqi qərb dəyərlərini qəbul etmiş bir xalq, dövlət kimi Azərbaycan bütün dünyaya Azərbaycan xalqının sülhsevər, mehriban, qonaqpərvər, tolerant, yüksək mədəni-mənəvi dəyərlərə malik bir xalq olduğunu nümayiş etdirdi".
Belorusun Azərbaycandakı səfiri Nikolay Patskeviç deyib ki, Azərbaycan I Avropa Oyunlarının bağlanış mərasimini yüksək səviyyədə keçirdi: "Biz, təsirli və həyəcanverici bağlanış mərasiminə şahid olduq. Nəhayət Avropanın öz idman Oyunları var və bu tədbiri Azərbaycan təşkil etdi". N.Patskeviç qeyd edib ki, Bakıda I Avropa Oyunlarının bağlanış mərasimi möhtəşəm idman bayramı olub: "Parlaq şou və möhtəşəm təşkilat – Azərbaycanın dinamik inkişafının daha bir sübutudur. Əsl idman dostluq, mehribanlıq və qarşılıqlı anlayış ideallarının dünyasında təsdiq amillərindən biridir. Məhz buna görə I Avropa Oyunlarının keçirilməsinin Azərbaycana həvalə edilməsi rəmzi məna daşıyır. Çünki Azərbaycan xalqı bütün bu yüksək idealları öz qəlbində daşıyır".
Diplomatın sözlərinə görə, "Bakı 2015" I Avropa Oyunları növbəti Oyunların ev sahibləri üçün yüksək planka müəyyənləşdirib. O həmçinin əlavə edib ki, idman tədbirinin yüksək statusunu açılış mərasimində 50 Avropa ölkəsinin yüksək vəzifəli nümayəndələrinin, həmçinin Belarus prezidenti Aleksandr Lukaşenkonun iştirak etməsi sübut edir.
Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze isə bağlanış mərasimini şərh edərkən deyib ki, Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi böyük idman tədbirinə layiqli final oldu. Diplomat bildirib ki, açılış mərasimi kimi bağlanış mərasimi də Olimpiadaya layiq tədbirlər oldu: "Azərbaycan bütün dünyaya sübut etdi ki, I Avropa Oyunları kimi böyük miqyaslı tədbiri nəinki qəbul etmək, həmçinin uğurla keçirə bilər. İdman arenaları, idman yarışlarının təşkili, açılış və bağlanış mərasimləri Azərbaycanın uğurları və idman nailiyyətlərini nümayiş etdirdi".

Əli