Azərbaycan mülki aviasiyası: keçmişi, bugünü və gələcəyi Hadisə

Azərbaycan mülki aviasiyası: keçmişi, bugünü və gələcəyi

Azərbaycan mülki aviasiyasının tarixi 1923-cü ildə "Yunkers" tipli təyyarədə Bakı-Tiflis aviareysinin açılışı və ilk dəfə sərnişin daşınması ilə əlaqələndirilir. Amma Milli Aviasiya Akademiyasının aviasiya muzeyində toplanmış zəngin materialların tədqiqi sübut edir ki, baş- lanğıcını 1910-cu ildən götürən milli aviasiyamızın tarixinin 105 il olduğunu demək olar. Azərbaycan ictimaiyyətinin aviasiya ilə ilk tanışlığı XX əsrin əvvəllərindən başlayıb. Ümumiyyətlə, bu dövrdə aviasiya sahəsində baş verən hadisələr gələcəkdə onun sürətli inkişafına böyük təkan verib… Azərbaycanda ilk təyyarə uçuşları 1910-cu ildə Bakıda həyata keçirilib. Rus aviatoru Utoçkin "Farman" tipli aeroplanla Balaxanı "şossesində" 4 gün ardıcıl uçuş həyata keçirib. Bu, Azərbaycanda aerodrom (təyyarə meydanı) məkanında ilk təyyarə uçuşu kimi tarixə düşüb. Bu hadisədən sonra ölkəmizdə təyyarə uçuşlarının sayı sürətlə artıb və dövri xarakter alıb. 1910-cu ildən başlayaraq, Bakıda və Yevlaxda aerodromlar tikilib, istifadəyə verilib, habelə Bakıda aviamodelçilik fəaliyyəti geniş vüsət alıb...

Milli aviasiya sahəsində kəskin dönüş

Ölkəmiz yenidən müstəqillik yoluna qədəm qoyan gündən milli aviasiyamız sürətlə inkişaf etməyə başladı. Erməni təcavüzkarlarının öz havadarları ilə birlikdə ölkəmizi ədalətsiz müharibəyə cəlb etmələrinə, habelə ölkə daxilində baş verən hakimiyyət davasının çətinliklərinə baxmayaraq bu məsələ daim diqqət mərkəzində saxlanılırdı. Xüsusən 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı bütün sahələrdə, o cümlədən milli aviasiya sahəsində kəskin dönüşə, daha doğrusu, misli görünməmiş sıçrayışa səbəb oldu. Onun uzaqgörən siyasəti nəticəsində görülən tədbirlər, xarici aviaşirkətlərlə bağlanan müqavilələr Azərbaycanın bir sıra taleyüklü məsələlərini həll etdi. Aviasiya xətlərinin miqyasının sürətlə artması bizim diplomatiyanın, başqa sözlə, Azərbaycan həqiqətlərinin dünyaya çıxışını asanlaşdırdı. Ən ümdəsi isə düşmən blokadasında qalıb, yalnız hava əlaqəsinə ümid bağlayan Naxçıvan Muxtar Respublikası böyük təhlükədən xilas oldu... Onun rəhbərliyi altında "1998-2003-cü illər üçün Respublika Mülki Aviasiyasının İnkişaf proqramı" hazırlanıb, uğurla həyata keçirildi. Bu proqram çərçivəsində əldə olunan nailiyyətlərin ən bariz nümunəsi Bakı hava limanında dünya standartlarına tam cavab verən yeni aerovağzal kompleksinin tikintisi oldu. 1999-cu il oktyabrın 2- də ulu öndərin iştirakı ilə yeni aerovağzal kompleksinin təntənəli açılışı oldu. Bir il sonra isə bu limana dünya aviasiyasında xüsusi yeri olan ilk "Boeinq" təyyarəsi endi. 2004-cü ildə Bakı hava limanı "Heydər Əliyev Beynəlxalq Hava Limanı" adı ilə aviasiya tarixinə düşdü… 2003-cü ildə Azərbaycanda prezidentlik "estafetini" qəbul edən İlham Əliyev hər sahədə olduğu kimi, aviasiya sahəsində də ulu öndərin siyasətini uğurla davam etdirdi. Onun rəhbərliyi ilə "Respublika Mülki Aviasiyasının II (2004-2010-cu illər) İnkişaf Proqramı" qəbul olundu. Yeni proqramda xarici şirkətlərdən müasir sərnişin və yük təyyarələrinin alınması, "Gəncə" və "Lənkəran" hava limanlarının yenidən qurulması, Heydər Əliyev Beynəlxalq Hava Limanında beşulduzlu mehmanxananın və yeni anqarların tikintisi, bir sıra regional layihələr nəzərdə tutulmuşdu. İndi inamla demək olar ki, bu proqram da yüksək dəqiqlik və keyfiyyətlə həyata keçirilib. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus aviapark yeni-yeni hava gəmiləri və aerobuslarla zənginləşməkdədir. Onu da qeyd etmək lazımdır ki, bu uğurların qazanılmasında "Azərbaycan Hava Yolları" QSC-nin işgüzar kollektivinin və onun prezidenti Cahangir Cəlal oğlu Əsgərovun zəhməti az olmayıb. İndi Azərbaycan Respublikası dünyanın nəhəng aeroportları ilə yarışa biləcək beynəlxalq hava limanlarına malikdir. Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala hava limanları belələrindəndir. Lakin bu da həqiqətdir ki, milli aviasiyamızın yüksəlişi bilavasitə peşəkar milli kadrların hazırlanması ilə bağlıdır. Bunun üçün isə ölkəmizdə analoqu olmayan ali təhsil ocağına borcluyuq...

Müstəqilliyimizin bəhrələrindən biri – Milli Aviasiya Akademiyası

Müstəqilliyimizin bəhrələrindən biri də Milli Aviasiya Akademiyasıdır (MAA).Yarandığı gündən yüksələn xətt üzrə 30 fəaliyyət göstərən bu unikal ali təhsil müəssisəsinə dünya şöhrətli alim, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Mir Cəlal oğlu Paşayev rəhbərlik edir. Ulu öndər Heydər Əliyev Milli Aviasiya Akademiyasının uğurlu fəaliyyətindən razı idi. O, deyirdi: "Mən xoşbəxtəm ki, artıq indi Azərbaycan mülki aviasiyasının milli kadrları - azərbaycanlı təyyarəçilər, mühəndislər, mütəxəssislər vardır və onlar Azərbaycanın mülki aviasiyasını bu gün də, gələcəkdə də inkişaf etdirəcəklər". Milli Aviasiya Akademiyasının ilk buraxılışı 1996- cı ildə olub. O zamankı məzunların sayı (ikisi qız olmaqla) cəmi 80 nəfər idi. Qazandıqları ixtisasın da miqyası elə geniş deyildi. Onlar bir fakultədə iki ixtisas üzrə təhsil almışdılar. Sonrakı illərdə MAA-nın sürətlə inkişaf etməsi həmin rəqəmlərin də artımına təkan vermiş oldu. Məzunların böyük əksəriyyəti aviasiya xidmətinin müxtəlif sahələrində fəaliyyət göstərirlər.Onlardan bəziləri tanınmış aviaşirkətlərdə çalışır, beynəlxalq uçuşlarda iştirak edirlər... Müasir hava gəmilərini idarə edən pilotların, kapitanların, gənc nəslin çox hissəsi bizim Milli Aviasiya Akademiyasının müdavimləridir.
Akademiyamız pilotlardan əlavə, aviasiyanın tələb edilən bütün sahələri üzrə mütəxəssislər hazırlayır. Akademiyada ən son standartlara cavab verən "A-320", "Boeinq-767", "ATR 72", "İL-76", "Mİ-8" hava gəmilərinin trenajorları quraşdırılıb. Respublikada inşa edilən yeni aeroportlarımız da ən yüksək tələblərə uyğundur.

Azərbaycan vətəndaşları müasir təyyarələrlə uçurlar

Bu gün Azərbaycan vətəndaşları yalnız müasir, Qərb istehsalı olan Airbus 340, 320, 319, Boeing 757, 767 və Embraer təyyarələri ilə uçurlar.
Çox böyük olmayan vaxt ərzində - 1993-cü ildən başlayaraq "Boeinq-727", "Boeinq-757", "A-320", "Gulfstream", "ATR-72", "EC-155", "S-92", son üç ildə "Agusta -199" helikopteri, "Boeinq-767", "Boeinq-747-400", "Embraer"-170/190", "A-340" hava gəmiləri Azərbaycanın təyyarə parkına daxil edilib və eyni zamanda, onların texniki xidməti də təşkil olunub. TU-134" və "TU-154" kimi köhnəlmiş texnika artıq istismardan tam xaric edilib.
Amerika Birləşmiş Ştatlarında Boeinq 747-8 karqo tipli yük təyyarəsinin alınması isə Azərbaycan mülki aviasiyasının daha bir uğurudur. Boeing 747-8 karqo təyyarəsinin ümumi uzunluğu 76,3 metr, hündürlüyü 19,4 m, hər 2 qanadının uzunluğu 68,5 metr, yük terminalının ümumi həcmi 692, 7 kub metrdir.
"Boeing" şirkətinin vitse-prezidenti Brus Dikinson: "Bu təyyarə Azərbaycanda hava nəqliyyatının daha da inkişaf etməsinə səbəb olacaq və Amerikaya da birbaşa uçuşlar reallaşacaq. Qeyd edim ki, Azərbaycandan qoyulan sərmayələr nəticəsində bu təyyarələrin hazirlanmasında minlərlə amerikalı iş yerləri ilə təmin edilib". Sietldan havaya qalxan avialayner 12 saat 40 dəqiqədən sonra Bakıda Heydər Əliyev Beynəlxalq hava limanında yerə enib. "Silk Vay Airlains" daha bir yeniliyə imza adıb. Yeni helikopterlərlə bundan sonra daha rahat uçuşlar həyata keçirmək mümükün olacaq.

Son 10 ildə 7 aeroport

Qeyd edək ki, Respublikamızın şəhərlərində ardıcıl olaraq 2004-cü ildə Naxçıvanda, 2006-cı ildə Gəncədə, 2008-ci ildə Lənkəranda və Zaqatalada, 2011-ci ildə Qəbələdə Beynəlxalq hava limanları tikilib, müasir uçuş-enmə zolaqları inşa edilib. 2012-ci ildə mövcud aerovağzal binası tamamilə yenidən qurulub. 2013-cü ildə isə Yevlax hava limanının yenidənqurma işləri başa çatıb. İldə 6 milyon sərnişin daşıma gücünə malik olan yeni aerovağzal kompleksinin ümumi sahəsi 65 min kvadratmetrdir. Bu terminalın tikintisində ən keyfiyyətli materiallardan istifadə edilib və müasir tələblərə cavab verən avadanlıq quraşdırılıb. Bu terminalda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlər tətbiq edilib. Sərnişinlərin rahatlığını təmin etmək üçün hər bir imkan yaradılıb - çox sayda kafe və restoranlar, biznes salonlar, interaktiv köşklər və uşaq meydançası inşa edilib, zallarda 2000-dən çox rahat oturacaq, 40 ədəd qeydiyyat masası, 30 eskalator, 21 lift və binanın xaricində teleskopik traplar quraşdırılıb. Bu traplar, eyni zamanda, 12 təyyarəni, o cümlədən dünyanın ən böyük sərnişin təyyarəsini - "Airbus A 380"ni qəbul edə bilir. Terminalın tikintisi ilə yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportunun infrastrukturu dəyişib, terminalın istismar tələblərinə uyğunlaşdırılıb.
Dünyanın ən möhtəşəm, öz arxitektura görünüşü ilə hər kəsi heyran qoyan, hündürlüyü 65 metr olan Hava Hərəkətinin İdarəetmə Mərkəzi inşa edilib. İdarəetmə mərkəzində quraşdırılmış avadanlıq 165 min kvadratkilometr ərazidə hava gəmilərinin uçuşlarını idarə etməyə imkan verir. Hava dəhlizinin uzunluğu isə 8 min kilometrdən artıqdır. Uzunluğu 4 min metr və eni 75 metr olan yeni uçuş-enmə zolağı inşa edilib. Hər cür hava şəraitində təyyarələri qəbul etmək məqsədilə bu zolaq İKAO-nun ən yüksək kateqoriyasına cavab verən işıqlandırma sistemləri, radionaviqasiya avadanlığı və radarlarla təchiz olunub. Təyyarələrin hərəkəti və yaxınlaşması üçün sahəsi 281 min kvadratmetr olan asfalt-beton perronun tikintisi həyata keçirilib. Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə Yanğınsöndürmə Stansiyası tikilib və 8 ədəd müasir yanğınsöndürən maşın alınıb. Aerovağzal Kompleksinin fasiləsiz elektrik enerjisi ilə təchizatı üçün sahəsi 3500 kvadratmetr olan enerji mərkəzi tikilib və 34 min metr kabel çəkilib. Mühəndis-kommunikasiya xətlərinin çəkilişi üçün uzunluğu 700 metr yeraltı dəmir-beton qalereya inşa edilib. Aerovağzalın önündə 750 yerlik avtomobil dayanacağı və ona bağlanan avtomobil yolları salınıb, 90 min kvadratmetr asfalt döşənib.
Kompleksin istilik təminatı üçün Aeroportun mərkəzi qazanxanası yenidən qurulub.
Bütün hava limanı üçün Mərkəzi Kanalizasiya Kollektor Stansiyası və 3 yeni drenaj nasos stansiyası inşa edilib.
Onu da əlavə eədk ki, son 10 il ərzində 7 aeroport tikilib. Onlardan 5-i beynəlxalq statusa malikdir. Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala və Yevlax aeroportları tikilib istifadəyə verilib. Bu aeroportlarda həm xarici ölkələrə uçuşlar təşkil edilir və uçuşların sayı artır, eyni zamanda, daxili uçuşların da sayı artmaqdadır.

Əli Zülfüqaroğlu

Yzı "Azərbaycan Hava Yolları" (AZAL) QSC və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.