Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında erməni məsələsi Mədəniyyət

Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında erməni məsələsi

Azərbaycan Yazıçılar Birliyində (AYB) Türkiyə Yazarlar Birliyi, "Gənclərin Elmi Araşdırmalarına dəstək" İctimai Birliyi və Yazıçılar Birliyinin təşkilatçılığı ilə "Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında erməni məsələsi" adlı ikigünlük beynəlxalq konfrans öz işinə başlayıb. APA-nın məlumatına görə, konfransda Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun, AYB-nin katibi, xalq şairi Fikrət Qoca, ədəbiyyatda erməni məsələsi ilə bağlı araşdırma aparan alimlər, yazıçılar və başqaları iştirak ediblər.
AYB-nin katibi Arif Əmrahoğlu bildirib ki, konfransın keçirilməsi Azərbaycan və Türkiyə ədəbiyyatının araşdırılması üçün müsbət addımdır: "Hesab edirəm ki, bu cür konfranslar tez-tez təşkil olunmalıdır. Sübut olunmalıdır ki, tarix boyu erməni ədəbiyyatı Azərbaycan və Türk ədəbiyyatının təsiri ilə inkişaf edib. Azərbaycan ədəbiyyatı tarixində bir faktı göstərmək olmaz ki, erməni xalqı təhqir olunsun. Dözümlülük Azərbaycan ədəbiyyatının əsas xüsusiyyətlərindən biridir. Amma dözümlülükdə o qədər ifrata varılır ki, bu, bizim ziyanımıza işləyir".
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun isə qeyd edib ki, tarixi faktlar dünya ictimaiyyətinə təkcə ədəbiyyatla yox, həm də digər vasitələrlə çatdırılmalıdır.
"Bu konfransın keçirilməsi çox vacib idi və sevinirəm ki, biz bu işi ərsəyə gətirdik. Bu gün Ermənistan və onun diasporu tərəfindən tarixin saxtalaşdırılmasının şahidi oluruq. Qeyd edildiyi kimi bizim nə siyasətimizdə, nə də ədəbiyyatımızda ermənilərə nifrət olmayıb. Biz tarixin gerçəklərini ədəbiyyatda əks etdirməliyik", - deyə diplomat vurğuayıb.
"Gənclərin Elmi Araşdırmalarına dəstək" İctimai Birliyinin sədri Məmmədəli Babaşlı, Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov və başqaları konfransın əhəmiyyətindən danışaraq mövzu ilə bağlı fikirlərini bildiriblər. Qeyd edək ki, konfransın ikinci günündə "Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında erməni məsələsi" mövzusunda məruzələr dinləniləcək.