Türkiyədə kitabı çıxan 15 yaşlı qız... Mədəniyyət

Türkiyədə kitabı çıxan 15 yaşlı qız...

Türkiyədə romanı çap olunan onuncu sinif şagirdi Elmira Rüstəmli ilə müsahibə

- Özünüzü təqdim edərdiniz.
- Adım Elmira Rüstəmlidir. 2001-ci ildə anadan olmuşam. R.Ənnağıyev adına 141 nömrəli orta məktəbin 10 D sinfində oxuyuram.
- Neçə yaşından yazırsınız?
- 2015-ci ildən yazıram. On dörd yaşımdan. Amma əvvəllər də özüm üçün cızma-qara edirdim.
- Hansı janrda yazırsınız?
- Mən roman yazıram.
- Azərbaycan dilində?
- Yox, türk dilində.
- Yazılarınızı türk saytlarına göndərmək fikri necə yarandı?
- Wattpad adlı, sadəcə roman, hekayə və şeirlərin yazıldığı bir proqram var. Orada qeydiyyatdan keçdikdən iki ay sonra kitab yazmağa cəhd etdim. Oxucuların çox hissəsi türk olduğu üçün kitabı türk dilində yazmağa qərar verdim.
- Əsərinizi çap etmək ideyası onlardan gəldimi?
- 2016-cı ilin fevralında "Herdem Kitap" adlı türk kitab evindən təklif gəldi.
- Romanın adı nədir?
- "Siyah papatya", yəni "Qara çobanyastığı".
- Əsər nədən bəhs edir?
- Əsər ailə dramı ilə başlayıb eşq hekayəsi ilə davam edir. Ailə münaqişəsinin səbəbkarı atası olduğu üçün gələcək həyatında insanlarla münasibətində problemlər yaşayan Melisin həyatına Kağan daxil olur, onun dünyaya baxışına təsir edir. Əsərdə hadisələr Türkiyədə baş verirdi. Bunları saytda hissə-hissə çap edirdim. Romanı bitirməmişdən mənə təklif gəldi ki, daha saytda davamını yazmayım, onlar kitab çıxaracaqlar. Mən də razılaşdım. Əsərin qalan hissəsi kitab şəklində çıxdı. Skayp üzərindən danışıb razılaşdıq, müqaviləni göndərdilər imzaladım.
- Kitab nə qədər tirajla çıxıb?
- 2200 tirajla çıxıb.
- Nə vaxt çıxdı?
- Bu il yanvarın 31-də mənə yazdılar ki, kitab üzərində iş bitdi. Fevralın birindən Türkiyədə mağazalara paylanılıb.
- Satışdan sizə qonorar ödənilirmi və satış necə gedir?
- Müqaviləyə əsasən gəlirdən on faiz ödəniləcək. Qiyməti 24 lirədir.
- Bundan əvvəl yazı təcrübəniz olubmu?
- Aha, özüm üçün yazırdım.