“Neyləməli, göz görür, ağlım kəsir...” Mədəniyyət

“Neyləməli, göz görür, ağlım kəsir...”

Mirzə Ələkbər Sabirin bənzərsiz şairliyi

Mirzə Ələkbər Sabir dərd şairi idi: əsərlərini satirik üslubda yazırdı. XX yüzilin əvvəllərində dünyanın halında bir oyanma vardı: inqilabların yeni, daha fəlakətli mərhələsi başlayırdı. Çünki bu prosesin ardınca idraka əsaslanma gəlmədi. Sabirlər isə milləti maariflənmə yoluyla dəyişdirməyə, yönləndirməyə çalışırdılar. Onların ayrıca bir konsepsiyası, fəaliyyət proqramı isə yox idi.
Üslub sarıdan heç kəsə bənzəməyən Sabirin şeirləri indi də çoxunun dilində əzbərdir. Hər kəs Sabirdən ən azı bir beyt əzbər deyər. Ancaq onun dərdinə gəlincə... Əslində Sabirinki şairlik deyildi, dərdkeşlik idi. Şairlik ona fikirlərini çatdırmaqda yardımçı idi.
Sabirin Sabirliyini aşkarlayan "Molla Nəsrəddin" jurnalı oldu. Sabir ədəbi cəbhədə çalışsa da, fəaliyyəti ilə ictimai-siyasi problemlərə də toxunurdu. Onun əsərlərində çağındakı Şərqin ictimai-siyasi problemlərinə də bu və ya digər şəkildə toxunulub. Sabirin satirasında sərtlik var, kəskin tənqid var, güzəştsizlik var. O, millət fədaisi idi. Milətinin dərdləriylə yaşayırdı. Onun şairliyi çağında heç kəsin şairliyinə oxşamırdı. İndi də heç kəsin şairliyinə oxşamır. Bənzərsizlik budur.
XX yüzilin əvvəllərində dərdi göstərməyin özü də (Sabir kimi, Mirzə Cəlil kimi) hünər idi. İndi çağımızın çatışmazlıqlarını Sabir kimi şeirdə göstərmək, ifadə etmək ənənəmiz niyə səngiyib görəsən? Deməli, millət daim hər sahədə irəliyə doğru getməli, inkişaf etməlidir. Sabirin dərdi millətin öz çatışmazlıqlarından qurtulması idi. O, Avropaya ümidlə baxırdı. Bu cəhət o dövrdə bir çox düşüncə adamlarında vardı. Sabir məşhur taziyanəsində yazırdı:

Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz.

Sabir Qərbin maddi tərəqqisini onun elmə olan həvəsində görürdü. Ancaq Şərqi məhz zamanının gerçəkliyinə bərabər saymaq o dövr düşüncə adamlarımızın yanlışı idi. Çünki Şərqin mahiyyəti təkcə despotçuluqdan ibarət deyil. Şərqin əzəli bəşəri imkanları hələ də tam aşkarlanmayıb...
Sabirin satiraları indi də dillər əzbəridir. Ancaq görəsən, onun tənqid hədəfləri niyə azalmır, əksinə, artır? Çünki ədəbiyyat dərdi göstərir, daha yaxşı ifadə edir. Dərdi aradan qaldırmaq isə insanlardan hünər istəyir. Ümumiyyətlə, bütün dövrlər üçün Sabirin şeirləri aktual olacaq. O zaman ki, Sabirin tipləri yalnız ədəbiyyatda qalacaq, həyatda olmayacaq, bax, belədə demək olar ki, artıq şairin dərdi dərmanını tapıb. Ancaq Sabirin dərdinin dərmanı asan tapılmayacaq. Zaman-zaman bu dərd Sabirlərin cismini öldürdü. Yetər artıq. İndi dərdli özündə o dərəcədə güc tapmalıdır ki, dərdi öldürsün. Bu, o deməkdir ki, insan özüylə üz-üzə qalmalı, özünü yaratmağı bacarmalıdır. O zaman dərd də yeniləcək. Fərdin içində yenilən dərd cəmiyyətdə də yoxa çıxacaq. Sabirləri yaşatmağın yolu budur. Ümumən dünyanın, çağımızın ruhsuzluğuna, ümidsizliyinə, idealsızlığına sabahlı, gələcəkli baxış gərəkdir. Nə qədər ki, cəmiyyət insanilik tələbi üstə yaşamır, heç bir şər çaları ölmür, itmir, yox olmur. Sabirin sənətkarlığının bir cəhəti də onun meyxananın imkanlarından bacarıqla yararlanması idi.
Mirzə Ələkbər Sabir 1862-ci il mayın 30-da Şamaxıda anadan olub. Uşaq vaxtı yazdığı üç misralıq ilk şeri məşhurdur:

Tutdum orucu irəmazanda,
Qaldı iki gözüm qazanda,
Mollam da döyür yazı yazanda.

Sabir 12 yaşına qədər mollaxanada oxuyub, sonra məşhur şair Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbə keçmişdi. 1885-ci idə ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir: Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa şəhərləri gəzir. XX əsrin əvvəllərindən başlayaraq Sabirin şeirləri mətbuat səhifələrində görünür. 1906-cı ildə "Molla Nəsrəddin"in ən fəal müəlliflərindən biri olur. 1910-cu ilin əvvəllərində Bakıya işləməyə gəlir. Əvvəlcə "Zənbur" jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanı məktəbində böyük həvəslə dərs deməyə başlayır. Aylarla ehtiyac içində, işsiz, əzab-əziyyətlə dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulur, Şamaxıya qayıdır. 1911-ci ilin mayında müalicə üçün Tiflisə gedir, dostu C.Məmmədquluzadənin evində yatır. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edir. İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Ancaq o, buna razı olmur. O, Şamaxıya qayıdır. Axır günlərindən birində şair deyir:

İstərəm ölməyi mən, leyk qaçar məndən əcəl,
Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm!

Xatirələrdə deyilir ki, fədakar, qayğıkeş ailə başçısı olan Sabir uşaqlarının maddi ehtiyacını deyil, tərəqqisini də təmin etməyə çalışıb. "Molla Nəsrəddin" jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu şairə məhəbbət və hörmət əlaməti olaraq "Molla Nəsrəddin"in ünvanına ianə göndərirlər.
Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməliyyatına razı olur, iyulun 8-də Bakıya gəlir. Artıq həkimlər cərrahiyənin də fayda verməyəcəyini söyləyir, ona Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist H.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır: "... Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım".
1911-ci il iyulun 12-də Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda "Yeddi günbəz qəbiristanı"nda dəfn olunur.
Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra 1912-ci ildə arvadı Büllurnisə xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə onun şeirləri "Hophopnamə" adı ilə çap olundu. İki il sonra xalqın ianəsilə "Hophopnamə"nin ikinci, daha mükəmməl nəşri buraxıldı.

Sabir boşboğazlara xitabən yazırdı:

Bir bölük boşboğazıq, heyvərəlik adətimiz,
Doludur lənət ilə, qeybət ilə söhbətimiz,
Oxumaqdan payımız yox, yazıdan qismətimiz...
Sovet hakimiyyəti illərinde Sabir irsinə maraq görülməmiş dərəcədə artır, "Hophopnamə" böyük tirajla bir neçə dəfə çap olunur.
Sabirin həyatı və yaradıcılığı haqqında dəfələrlə elmi araşdırmalar aparılıb, əsərlərinə nəzirələr yazılıb. Şairin yaradıcılığı Şərq ölkələrindəki satiriklərə ciddi təsir edib.
İndi də Sabirin satiralarından məşhur parçalara qulaq kəsilək:

Daş qəlbli insanları neylərdin, ilahi!
Bizdə bu soyuq qanları neylərdin, ilahi!
***
İntelligentik, gəzərik naz ilə,
Ömr edərik nəşeyi-dəmsaz ilə!
***
Amalımız-əfkarımız ifnayi-vətəndir.
***
Ah eylədiyim nəşeyi-qəlyanın üçündür,
Qan ağladığım qəhveyi-fincanın üçündür.
Vəz eylədiyim hədyəvü ehsandır, ancaq
Ümdə qərəzim kisəvü-həmyanın üçündür.
***
Könlüm bulanır kuçədə cövlanını görcək,
Nitqim tutulur hərzəvü-hədyanını görcək.
***
Nuri-çeşmanımmısan, ey pul, canımmısan?
İsmətim, namusum, irzim, qeyrətim, qanımmısan?
...Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?
***
...İnsan olanın cahü-cəlalı gərək olsun,
İnsan olanın dövləti, malı gərək olsun!
***
Pah atonnan, nə ağır yatdı bu oğlan, ölüb ə!
***
Cin görürəm, can görürəm qorxmuram,
Harda müsəlman görürəm qorxuram!
***
İş görəcək yerdə söz əzbərlərik,
Aşiqik ancaq quru, boş söhbətə!
***
Ta gəlirik biz də bir az anlayaq,
Məhzəri-irfanda vurur tək səbir.
***
Qəzaya çarə yox, giryan ol, üryan ol, peşiman ol,
Səbur ol, şakir ol, yəni müsəlman ol, müsəlman ol!
***
Arif çalışır ki, millət azad olsun!
Zahid çalışır ki, məscid abad olsun!
Söz boynu kraxmallınındır ki, deyir:
Bir madmazel olsun ki, pərizad olsun!
***
Neyləməli, göz görür, ağlım kəsir,
Mən günəşi göydə dana bilmirəm!

Uğur