Özbəkistan portalları “Kitabi-Dədə Qorqud” eposundan yazıb Mədəniyyət

Özbəkistan portalları “Kitabi-Dədə Qorqud” eposundan yazıb

Daşkənddəki inretnet portalları "Kitabi-Dədə Qorqud" eposu haqqında özbək və rus dillərində materiallar verib.
Məqalələrdə "Kitabi- Dədə Qorqud" dastanının Azərbaycan xalq ədəbiyyatının XI-XII əsrlərə aid ən qədim yazılı abidəsi olduğu vurğulanır.
Qeyd olunur ki, dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazıblar.
Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbərin zamanında yaşadığı qeyd edilir.
Məqalələrdə bildirilir ki, ki, "Kitabi-Dədə Qorqud" dastanında oğuz türklərinin vətənpərvərlik hissləri, qəhrəmanlığı, müdrikliyi, dünyagörüşü, uzaqgörənliyi, mənəvi dəyərləri, adət-ənənələri öz əksini tapıb. Dastan Azərbaycan dilinin incəliklərini tarixi hadisələri və şəxsiyyətləri, toponimləri, Azərbaycan xalqının böyük mədəniyyətini öyrənmək baxımından da əvəzolunmaz mənbədir.
Epos Azərbaycan xalqının tarixi keçmişinin öyrənilməsi istiqamətində əvəzolunmaz abidədir.
Yazılarda vurğulanır ki, dastanın süjeti 12 boydan ibarətdir. XI əsrdə "Kitabi-Dədəm Qorqud" adı altında yazılıb, bizim günümüzədək çatan variantlar isə üzü XVI əsrdə köçürülən nüsxələrdir.
Bildirilir ki, eposun bir qədim nüsxəsi Drezdendə saxlanılır, digər qədim nüsxəsi isə keçən əsrin 50-ci illərində Vatikanda aşkar olunub.
Yazılarda Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda hazırlanan 3-cü nüsxənin Bakıdan əlavə Moskva, Berlin, Helsinki, London, Tehran, Texas, Təbriz, Ankara, Aşqabad, İstanbul və digər şəhərlərdə çap edildiyi vurğulanıb.