Milli Turizm Təbliğat Bürosu çoxsaylı layihələr reallaşdırıb Mədəniyyət

Milli Turizm Təbliğat Bürosu çoxsaylı layihələr reallaşdırıb

Milli Turizm Təbliğat Bürosu təsis edildiyi vaxtdan etibarən strukturlaşma, maddi texniki təminatın formalaşdırılması, eyni zamanda "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol xəritəsi"nin tədbirlər planında ona tapşırılan işlərin icrası ilə bağlı çoxsaylı layihələr həyata keçirib. Büro öz mandatına uyğun olaraq, Bakı şəhərinin turistik imkanlarının artırılması, mövcud potensialdan maksimum istifadə edilməsi, şəhərin turistik imkanlarının hədəf ölkə və bazarlarda tanıdılması, paytaxtımızın turistlər üçün daha cəlbedici məkana çevrilməsi, turistlərin məmnunluğunun artırılması, onların ölkəmizin tarixi, mədəni zənginliyi, kulinariyası barədə ətraflı məlumat əldə edə bilmələri istiqamətində əhəmiyyətli fəaliyyət göstərib.
Bu sözləri Milli Turizm Təbliğat Bürosunun rəhbəri Fuad Nağıyev dekabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində ilin yekunlarına həsr edilmiş mətbuat konfransında söyləyib.
Vurğulanıb ki, Büro yarandığı tarixindən fəaliyyətini bir neçə istiqamət üzrə qurub. 2017-ci il martın 20-26-da paytaxtda yerləşən Sabir bağında Büro tərəfindən həyata keçirilən Novruz bayram tədbirlərində ölkəmizin bütün regionlarını təmsil edən kollektivlər bölgələrin mədəni həyatını yüksək səviyyədə nümayiş etdiriblər. Səkkiz gün ərzində 40-dan artıq musiqi, rəqs və folklor kollektivi çıxış edib. Novruz festivalına gün ərzində 30-35 min, bəzi günlərdə isə 50-60 min nəfər insan qatılıb. Tədbir xüsusilə turistlər tərəfindən böyük maraqla qarşılanıb. Bundan əlavə, "İslam oyunları" zamanı İslam ölkələrindən xeyli sayda turistin Bakıya gəlməsini nəzərə alaraq İran, İndoneziya, Malayziya, Misir və Türkiyənin ölkəmizdəki səfirlikləri ilə birlikdə Bakının Sabir bağında və Nizami küçəsində hər bir ölkənin ayrı-ayrılıqda mədəniyyət günləri təşkil edilib. Büro tərəfindən http://azerbaijan.travel/ portalı müasir yeniliklər nəzərə alınmaqla tam əsaslarla yenidən qurulub və istifadəçilərin xidmətinə verilib.
Bildirilib ki, Kiyev şəhərində Milli Turizm Təbliğat Bürosu tərəfindən təşkil edilmiş "Sizin Azərbaycan – 2018" adlı seminar-təqdimat tədbiri keçirilib. Büro və Azərbaycandan olan turizm firmalarının nümayəndələri Bakı şəhəri və ölkənin turizm imkanlarını tanıtmaq məqsədilə 20-dən çox Ukrayna turizm şirkətlərinin nümayəndələrinə müvafiq sahədə təqdimatlar edib.
Milli Turizm Təbliğat Bürosunun əməkdaşları Kənan Qasımov və Cəmilə Talıbzadə Büronun gördüyü işlərdən və həyata keçiriləcək layihələrdən danışıblar.
Qeyd edilib ki, Bakı şəhərinin 16 hotelində Büro tərəfindən müasir üslubda hazırlanmış məlumatlandırma lövhələri quraşdırılıb. Bu lövhələrdə məlumatlandırma flayerləri yerləşdirilib ki, bunların vasitəsilə Bakı şəhəri barədə hazırlanmış videolar təqdim edilir. Büro tərəfindən ötən müddət ərzində Çexiya, Slovakiya, İtaliya, İsrail, Latviya, Litva və Polşadan olan turizm firmalarının və tur operatorlarının nümayəndələrinin ölkəyə "fam trip"ləri təşkil olunub. Bu ilin avqustun 15-dən 20-dək Milli Turizm Təbliğat Bürosu, Çin Hava Yolları ilə Çinin sosial media jurnalistləri və blogerlərinin Azərbaycana səfəri təşkil edilib. Çexiyanın velobaykerler qrupunun "ZAM" layihəsi çərçivəsində "Red Bull" şirkəti ilə birlikdə yüksək səviyyəli videoçəkilişlər aparılıb və sentyabr ayından etibarən müxtəlif sosial şəbəkələrdə paylaşımlar edilib. Bakıda keçirilən "Fashion week" moda həftəsinin təşkilinə texniki dəstək göstərilib. Nəticədə dünyaca məşhur "Forbes" jurnalında Azərbaycanla bağlı iki məqalənin dərcinə nail olunub.
Qeyd edilib ki, Ukraynanın ən populyar realiti şoularından olan "Зважені та щасливі" şousunun finalçıları və çəkiliş qrupu Milli Turizm Təbliğat Bürosunun dəvəti ilə Bakıya səfər edib və yarışın final verilişi Azərbaycanda çəkilib.
Diqqətə çatdırılıb ki, Bakı şəhərinin brendinin hazırlanması və brendin təşviq edilməsi istiqamətində işlərə başlanılmış və işlərin effektiv icrası üçün bazar araşdırmaları aparılmışdır. Bu istiqamətdə təcrübəsi olan yerli və xarici şirkətlərlə müzakirələr təşkil edilərək yerli mütəxəssislər də cəlb olunmaqla işçi qrupu yaradılıb. Müzakirələrin yekunu olaraq əldə olunan məlumatlar əsasında Büronun ekspertləri tərəfindən müvafiq qurumlara təqdim olunması üçün təkliflər hazırlanıb və icrası ilə bağlı ayrı-ayrı dövlət qurumları ilə müzakirələrə başlanıb. Bakı şəhərinin turist avtobuslarından və bütün turizm məkanlarından (atraksionlardan) qısamüddətli (24-48 saat müddətində) istifadə üçün turist kartlarının (Bakucitycard) hazırlanması istiqamətində müvafiq işlər görülüb.