“Çarəsiz sərnişinlər” yola çıxıb Mədəniyyət

“Çarəsiz sərnişinlər” yola çıxıb

Azərbaycan Dövlət Musiqili Teatrında bolqar yazıçısı Stanislav Stratiyevin "Avtobus" pyesi əsasında "Çarəsiz sərnişinlər" tamaşasının məşqlərinə start verilib. Teatrın mətbuat xidmətindən bildirilib ki, janr etibarilə alleqorik, ekssentrik və ya təxəyyül komediyasının xüsusiyyətlərini daşıyan bu tamaşanın qeyri-adi süjet xətti var. "Yolçuluq", "Sərxoş gecə", "Çıxış yolu" adlı 3 hissəyə bölünəcək tamaşada hadisələr avtobusun içərisində cərəyan edir. Məcburiyyət qarşısında bir araya toplaşan sərnişinlər qəfildən duyuq düşürlər ki, naməlum istiqamətə gedən avtobusu idarə edən sərxoş bir sürücünün iradəsindən asılı bir vəziyyətdə qalıblar. Bəlli olmayan ünvana, məqsədi və məramı aydın olmayan sürücü ilə eyni avtobusda, eyni taleni yaşamağa məhkum olan sərnişinlər çarəsiz halda həyatın bu sürprizinə "sağ qalmaq" naminə sonadək müqavimət göstərirlər.
Səhnə əsərində rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Əzizağa Əzizov, Ələkbər Əliyev, Şövqi Hüseynov, Əkbər Əlizadə, aktyorlar Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Aydan Həsənova, Nicat Həbibov ifa edəcək. Tamaşanın musiqi tərtibatçısı və quruluşçu dirijoru Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır.