Sevməyin bizi gözləyən qadınları... Mədəniyyət

Sevməyin bizi gözləyən qadınları...

Kulis.Az tanınmış şair Zahir Əzəmətin "Cəbhə Şeirləri"ni təqdim edir

Cəbhə şeirləri

Əsgər məktubu / arxa cəbhəyə!

Sizə zəfər gətirəcəyik
bizə məktub yazın heç olmasa
sətirlərdən ürəyiniz boy versin
səbrlə dinləyin şikəst qayıdan
əsgər yoldaşlarımızın gecə sayıqlamalarını
üz çevirib getməyin uşaqlarımız dilənəndə
su verin
çörək verin!
atalarımıza siqaret
analarımıza ürək-dirək verin…

Sizə zəfər gətirəcəyik
bizə barıt qoxusu dadmayan
səhər saxlayın
bir az günəş
bir az dəniz…
bir az da soyuq xırdalan pivəsi
şəxsən mənim üçün

və sevməyin ay əclaflar
bizi gözləyən qadınları

Təşviqat vərəqəsi / ön cəbhəyə!

Endirilmiş bayraqları güllələməyin
öldürülmüş əsgərləri tapdalamayın
yaralılara su verin
əsirlərə təbəssüm
daha bir döyüş bitdi deyə gülümsəyin
işğal etdiyiniz torpaqlarda ev tikməyin
ev uçurtmayın
qıcıqlandırmayın yiyəsiz evlərin itlərini
həmişə üstünüzdə uşaq şəkli gəzdirin
və unutmayın
müharibələr yalnız
bayağı marşları çeynəmək üçün deyil

P.S. insanları öldürüb də
sonra qulaqlarınızı dayamayın ürəklərinə…

Cəbhə lətifəsi

Döyüş arası fasilələrdə
bəzən daha dadlı görünərdi bizə
mülki lətifələr hərbi
yeməklərdən

Və biz üç nəfər
yenə yaman daraşmışdıq
köhnə adətimizə

Belədi də
bəzən min dəfə eşitdiyin lətifə də
gülməli çıxır…

Al bu da sənə təzə lətifə -
bir mərminin ucunda
saplandı aramıza
ölüm də lətifədir!

Bu
ağdamlı əli
bu da havada üzülmüş başını axtaran
bir cüt əli

Bu
ləzgi səməd
azca aralıda hoppanıb düşən ayaqlarına
- eyy məni də aparın! - deyə
son dəfə gülümsəyir

Bu da mən…
üç gün sonra ayıldım hospitalda
buraxın məni deyə qışqırdım
diksindi pəncərəyə qonan sərçələr…

Sonra tanıdım həkimi -
dağlı vahabın üçüncü oğlu
uşaqlıq dostum

Əl verib görüşmək
bağrıma basmaq istədim
bilirsənmi nələr oldu deyə…

Və daha bir yol qışqırdım…

Pəncərəni bahar örtmüşdü
həkimin üzünü payız…

Bahar da lətifədir
həyat da