"Azərbaycanda xalçaçılıq sənətinin inkişafı yeni mərhələyə qədəm qoyub" Mədəniyyət

"Azərbaycanda xalçaçılıq sənətinin inkişafı yeni mərhələyə qədəm qoyub"

Son illər Azərbaycanda xalçaçılıq sənayesinin inkişafı geniş füsət alıb. Təbii ki, bu sənətin inkişafında Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamların böyük rolu var. Dövlət başçısının bir neçə gün öncə imzaladığı "Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı üçün xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturun yaradılması ilə bağlı tədbirlər haqqında" sərəncam bu sahəyə ayrılan xüsusi diqqət və qayğının bariz nümunəsidir. Eyni zamanda, bu, Prezidentin Azərbaycanda xalçaçılığın inkişafına yönəlmiş bir sıra fərman və sərəncamlarından növbətisidir. Həmçinin, Prezident tərəfindən 2018-2022-ci illər üçün Dövlət Proqramının təsdiqlənməsi, Prezidentin ötən ilin avqustun 28-də “İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, təchiz edilməsi və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamı və digər mühüm qərar, tapşırıq və göstərişlər Azərbaycanda xalça sənətinin qorunması və inkişafına yönəlib.
Xalçaçı-rəssam, Azərbaycanın Xalq rəssamı Eldar Mikayılzadə “Report”a açıqlamasında bildirib ki, Azərbaycanda xalçaçılıq sənəti və sənayesi Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində inkişaf edib: “Bu sahəyə ayrılan maliyyə yardımları ilə xalçaçılıq sənəti özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bununla bağlı həyata keçirilən bütün layihələri müsbət dəyərləndirirəm. Çünki xalçaçılıq bizim milli sənətimiz, tariximiz, ənənəmiz və qan yaddaşımızdır. Bu sənətin inkişafı ilə bağlı atılan bütün addımlar böyük əhəmiyyət daşıyır. Ona görə də bu sənətin inkişafına töhfə verən hər bir şəxsin qarşısında baş əymək bizim borcumuzdur. Xalçaçılıq sənətinin inkişafı qədimdən indiyədək necə gəlib çıxıb bilirik. Nənə evdə xalça toxuyub və yanında oturan qızı da bundan həvəslənərək öyrənib. Bu, ənənə beləliklə davam edib”.
Eldar Mikayılzadə bildirib ki, Prezident İlham Əliyevin 2016-cı ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında imzaladığı sərəncamla bu sənət daha da inkişaf etməyə başlayıb: “Qədim dövrlərdə evlərdə xalça toxuma ənənəsi bu gün də davam edir. Mən o qurumda hələ İstehsalat Birliyi kimi fəaliyyət göstərdiyi zaman müxtəlif vəzifələrdə işləmişəm. O zaman işçilər həm fabrikdə, həm də ev şəraitində işləyirdilər. Fabriklərə gəlməkdə çətinlik çəkən ucqar kənd sakinlərinin xalça toxumaları üçün evlərində dəzgahlar quraşdırılır və onlar üçün şərait yaradılırdı. Ona görə hesab edirəm ki, bu ənənə evlərdə də yaşadılmalıdır. Eyni zamanda mən bir məsələni də qeyd edim ki, dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalçaçılıq sənayesinin inkişafına göstərdiyi diqqət və qayğı xalçaçılıq mədəniyyətinin qorunmasına təkan verməklə yanaşı, həm də sosial əsaslara malikdir. Çünki bu istiqamətdə yeni iş yerlərinin açılması həm də insanların məşğuliyyəti deməkdir. Bununla da bu sahədə çalışan insanların gəlirləri artır”.
Xalq rəssamı vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və töhfəsi sayəsində Azərbaycanın xalça sənəti UNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib: “Bu, bütövlükdə Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanınmasına təkan verib. Biz bilirik ki, Azərbaycanda xalçaçılıq sənətinin inkişafında Prezident İlham Əliyev ilə yanaşı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna rolu var. Mən şəxsən öz adımdan Mehriban xanıma bu sahəyə xüsusi diqqət ayırdığına görə duaçıyam. Mehriban xanım təkcə xalçaçılıq sənətinə deyil, həm də milli ənənələrimizin, tariximizin, muğamımızın, aşıq sənətimizin və bu kimi digər sahələrin qorunub saxlanılması və inkişafına diqqət yetirib. UNESKO daxilində bizim xalçaçılıq sənətinin nüfuzunun artırılması məhz Mehriban xanımın fəaliyyəti ilə bağlıdır. Hətta mənim özümə də böyük köməklik göstəriblər. Şəki Xalça Məktəbini yaratmışıq. Sərgi keçirmişik. Ona görə də tam əminliklə deyə bilərəm ki, Heydər Əliyev Fondunun, xüsusilə də Mehriban xanımın təşəbbüsü ilə bu sahənin inkişafı ilə bağlı çox böyük işlər görülür”.
Xalçaçı-rəssam qeyd edib ki, "Azərbaycan xalçası" artıq brenddir: “Bu brend sadəcə olaraq bir müddət yaddan çıxmışdı və unudulmuşdu. Amma dövlətimizin başçısının qayğısı nəticəsində bu brend artıq bərpa olunub. Dünyada "Azərbaycan xalçası" brendə çevrilib. Azərbaycan xalçaları Orta Asiya, Uzaq Şərq xalçalarından çox fərqlənir. Çünki Azərbaycan xalçaları interaktivdir. Dünyada yeganə interaktiv xalça Azərbaycan xalçasıdır. Ona görə də dünyanın muzeylərinin marağı daha çox Azərbaycan xalçalarınadır.
Eyni zamanda, Prezident İlham Əliyev dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Bu çərçivədə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyi Nəsimiyə həsr olunmuş bir xalçanın eskizi üçün müsabiqə elan etmişdi. Rəssamlıq Akademiyasında bizim tələbəmiz olan 3 gənc də müsabiqədə iştirak edib. Müsabiqədə Nəsiminin portreti əks olan yeni formatda, yeni obrazda xalça təqdim olundu. Həmin xalçanın müəllifi mənəm. Bu müsabiqə həm Azərbaycanda xalça sənətinə, həm də Azərbaycanın dahi şairi İmadəddin Nəsimiyə verilən yüksək qiymətin göstəricisidir”.