ABŞ-da "Emil ilə nahar" virtual caz konserti Mədəniyyət

ABŞ-da "Emil ilə nahar" virtual caz konserti

ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Musiqi Fondunun (AAMF) təşəbbüsü və təşkilatçılığı ilə tanınmış pianoçu Emil Əfrasiyab və müğənni Leyla Babayeva-Əfrasiyabın iştirakı ilə "Emil ilə nahar" adlı virtual caz konsert proqramı keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü ilə əlaqədar təşkil olunan konsertdə Emil Əfrasiyabın orijinal kompozisiyaları, xalq mahnılarının aranjimanları və Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Rauf Hacıyev, Vaqif Mustafazadə kimi Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri səsləndirilib.
Virtual konsertdə Leyla Babayeva-Əfrasiyabın ifasında İbrahim Topçubaşovun "Nə bəxtiyardır", Tofiq Quliyevin "Yol ayrıcında" və "Tez gəl" kimi məşhur Azərbaycan mahnıları səslənib. Emil Əfrasiyab konsert proqramını "İki dünya" adlı orijinal kompozisiyası ilə başlayaraq "Əzizə" əsəri ilə yekunlaşdırıb. Qeyd edək ki, "Əzizə" əsəri məşhur “caz şahzadəsi” Əzizə Mustafazadənin sənətindən ilhamlanaraq yaradılıb.
Həmkarları tərəfindən bənzərsiz istedad və sənətinə sədaqətli musiqiçi kimi tanınan Emil Əfrasiyab hazırda dünyanın ən məşhur musiqi kolleclərindən birində, ABŞ-ın Massaçusets ştatının Boston şəhərindəki Berkli Kollecində təhsilini davam etdirir. İfaçı peşəkarlar arasında texniki cəhətdən bacarıqlı və intuitiv çıxışları ilə tanınır. O, həm də bəstəkar və aranjimançı kimi də fəaliyyət göstərir.
Konsertdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ABŞ-ın Azərbaycan icmasının üzvləri iştirak ediblər. Konsertin dinləyiciləri qismində Diasporla İş üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Lalə İsmayılova, Vaqif Mustafazadənin ev-muzeyinin direktoru və Vaqif Mustafazadə Fondunun sədri Afaq Əliyeva, Azərbaycanın Xalq artisti Ənvər Sadıqov və digər fəxri qonaqlar da iştirak ediblər.
AAMF-nin təsisçisi və icraçı direktoru, doktor Cəmilə Cavadova-Spitzberqin rəhbərlik etdiyi qurum Azərbaycan musiqisini ABŞ-da və Amerika musiqisini Azərbaycanda tanıtmaqla məşğuldur. Belə ki, 2020-ci ilin aprel ayında təşkilat, həmçinin görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynallının "Muğam üslubunda Fantaziya”sının ən yaxşı ifası üçün virtual aləmdə beynəlxalq müsabiqəsinə də start verib. Müsabiqənin fəxri hakimləri Culia Buşkova (ABŞ) və Zəhra Quliyevadır (Azərbaycan). Müsabiqənin nəticələri avqustda elan ediləcək.