“Güney Azərbaycan folklore” Mədəniyyət

“Güney Azərbaycan folklore”

Uşaqlar üçün "Səməd əmi", "Bəhruz əmi" oldular...

II yazı

Görkəmli folklorşünas Məmmədəli Fərzanənin Səməd Behrəngi və Bəhruz Dehqaninin ana dilində topladığı nağıllarla bağlı yazısını təqdim edirik.
Doğma eloğlu, yorulmaz axtarıcı və barışmaz yazıçı Səməd Behrənginin çoxsahəli ədəbi-bədii çalışmalarının ən önəmli qollarından biri onun uşaq folklorumuz, xalq ədəbiyyatımız ilə ilgilənməsi, xalq ədəbiyyatımızı toplayıb araşdırması və yeri gələndə onların nəşri üçün çalışması, folklorumuzun ən güclü qolu olan nağıllarımızdan ilham alaraq, dünya miqyasında şöhrət qazanan uşaq nağılları, öz adı ilə desək, Səmədin qissələrini yazıb yaratmaqda şərəfli əmək göstərməsi olub. Səməd Azərbaycan folklorunu toplamaqda birinci yeri uşaqların hamıdan çox maraqlandığı və sevdiyi nağıllara verib. Mən sizə Səmədin və onun yaxın əməkdaşlarından Bəhruz Dehqaninin nağıllarımızı toplayıb nəşr etməkdə sərf etdikləri şərəfli əməyi əlyazma nüsxəsi tapıldıqdan sonra yazdığım başlanışla tanış etməyi yerli sanıram.
Onlar Azərbaycan dilində yazıb-oxumağın yasaq olduğu dildə yazılan kitabların yandılrılmasını eşitdilər və duydular. Eşitdikləri və duyduqları bu macəradan yüksələn alov onların ruhuna və vücuduna gömdü və bütün həyat boyu onları düşündürdü. Onlardan biri – Səməd öz ana dilinə bəslədiyi inamı 1342-ci ildə ilk əsəri sayılan və özü demişkən, onu "talifat sahibi" eləyən "Parə-parə" ilə göstərdi. Bu yaraşıqlı və yığcam əsərə ümumi bir baxış belə onu toplayanın öz ana dilində dərs oxuya bilmədiyinə baxmayaraq, bu dildə çağlayan şeirin ən dərinliklərinə varmasına canlı sübutdur. O, bu məcmuədə nəzərə aldığı və toxunduğu o tay-bu tay şairlərinin ən gözəl və məzmunlu şeirlərini yüzdən çox xalq bayatısı ilə yerləşdirib. Bu ilk əsərin buraxılışı Səmədə baha başa gəldi, məhkəməyə çağrıldı. Kitabda "Azərbaycan" şeirinə yer verdiyi üçün töhmətləndi. Beləliklə, kitab yasaq edildi və Pəhləvi rejimində onun bir daha çap edilməsinə yol verilmədi.
Mənimlə bu iki əməkdaşın arasında bir-birimizi görmədən canlanan hüzuru dostluq və yaxınlıq da elə bu kitabla başladı. Onlar, o biri əməkdaşları ilə birlikdə Azərbaycanda illərcə qəribsəmiş və buxovlanmış ana dilinin və milli varlığın carçısı və muştuluqçusu kimi, çoxdan bəri yurd-yuvasından didərgin düşmüş bizim kimilərin davamçısı oldular.
Onlar kitab çantası çiyinlərində, kağız-qələm əllərində, xalqa və vətənə bəslədikləri duyğular ürəklərində birinci məktəb müəllimi vəzifəsində Azərbaycan kəndlərinə yol açdılar, canlarında alışan alovu uşaqlara aşıladılar, onlarla qaynayıb qarışdılar. Uşaqlar üçün ağa, müəllim yox, bəlkə "Səməd əmi", "Bəhruz əmi "oldular. Təbriz Universitəsini bitirdikləri üçün orta məktəbdə dərs verməyə haqlı olsalar da, birinci məktəbdə dərs verməyi daha dəyərli sandılar. Azərbaycan folklor nümunələrini də elə həmin məktəblərində, dərs verdikləri kəndlərdən və xalq içərisindən toplamağa başladılar. Ağızlardan çoxlu nağıl, bayatı, tapmaca, qoşmaca və el sözləri topladılar. Bir sıra kəndlərin monoqrafiyasını yazdılar. Bu ələ gətirdiklərinin bir qismini yeri gəlincə o günkü mətbuatda və bir qismini də Azərbaycan əfsanələri (farsca), qoşmacalar və tapmacalar ünvanı ilə çap edə bildilər. Lakin onların topladıqları folklor nümunələrindən hələ çap olmayanları da var...
Səmədlə Bəhruzun Azərbaycan nağıllarından ibarət məcmuəsi Cənubi Azərbaycanda bu günə qədər yığılmış ən dəyərli məcmuələrdən birisidir. Maraqlı burasıdır ki, bu məcmuənin də elə onu toplayanların özü kimi qəribə taleyi olub. Onlar el içindən topladıqları bu nağılları vaxtı ilə Azərbaycan dilində nəşr etdirməyə imkan əldə edə bilmədikləri üçün çarəsiz farscaya çevirib, onun birinci cildini Təbrizdə və ikinci cildini də Tehranda nəşr etdiriblər.
Həmin illərdə bir təsadüf ortaya çıxdı ki, mən bayatılardan ibarət məcmuəni Təbrizdə və "Azərbaycan dili qramerinin əsasları (Məbani dəsture zəban Azərbaycan)" kitabını Tehranda çap etdirə bildim. Bu kitabların çap olub yayılması Səmədlə Bəhruza qanad verdi və onları gördükləri işdə bir daha ruhlandırdı. Səməd məhəbbətlə dolu bir məktubda qramer kitabının ortaya çıxmasını böyük hadisə sandı, ondan dönə-dönə faydalandığını bildirdı və Bəhruz bayatıların ikinci çapını hazırlamaqda can atmağa, ona təsvirlər və tablolar çəkdirməyə başladı.
1347-ci ilin yayında mən yenə Təbrizə gəldiyim sırada Səməd və dostları ilə görüşdüm. Bəhruz o il hansı seminarda, ola bilsin uşaq ədəbiyyatı seminarında, iştirak etmək üçün İspaniyaya getmişdi. Biz ayrılanda Səməd məni bir tərəfə çəkdi və dedi: "Mən folklor barədə yazı-pozularımızı, hər nə varsa sizə tapşıracağam. Bunu Bəhruz da bilir. Siz onlardan istədikləriniz kimi, hətta bizlərdən ad aparmadan belə yeri gəlincə istifadə edə bilərsiz. Dərdizə dəyməsə də, bir tərəfə buraxarsız. İndi istəyirsiz mən onları sizə gətirim və istəyirsiz də Tehrana göndərim? Dedim, Tehrana göndərməniz daha yaxşı olar".
Az müddət sonra Səmədin göndərdiyi bağlama ən təhlükəli günlərdə gəlib mənə çatdı və mən ona əl vurmadan belə öz əlyazmalarımla birlikdə birisinə əmanət tapşırdım. O əmanət burada danışmağa lüzumu olmayan səbəblərdən asılı olaraq, 25 il sonra gəlib yenidən mənə çatdı və hələ nə yaxşı ki, gəlib çatdı. Öz yazı-pozularımdan çox Səməd və Bəhruzun folklor barədə topladıqları məni çox sevindirdi. Arzu edirəm və elə bilirəm bu Səmədin və Bəhruzun da arzusu olmuş olsun, bu nağıllar elə həmin yazıldığı üslub və imlada və imkan qədər onlara əl aparmadan çap edilsin...

M.Ə.Fərzanə