Milli Teatr Günü Mədəniyyət

Milli Teatr Günü

Tural

Azərbaycan Prezidentinin "Milli Teatr Günü"nün təsis edilməsi haqqında 1 mart 2013-cü il tarixli sərəncamından sonra bu əlamətdar tarix artıq daha böyük təntənə ilə qeyd edilir. Martın 10-da peşəkar milli teatrımızın yaranmasının 142-ci ildönümündə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında gerçəkləşən mərasim də bunun göstəricisi oldu. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev teatr ictimaiyyətini, sənətsevərləri bayram günü münasibətilə təbrik etdi, 142 illik zəngin tarixə malik Azərbaycan peşəkar teatrının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu dedi: "Bu gün milli teatrımız dünya teatr meydanında özünə layiqli yer tutmaqdadır. Ölkəmiz beynəlxalq teatr konfransına, festival və toplantılara ev sahibliyi edərək bu mənada da özü sözünü deyir. Bu gün elə bir beynəlxalq teatr qurumu yoxdur ki, Azərbaycan orada təmsil olunmasın".
Milli teatrımızın nümunələrinin bir çox ölkələrin səhnələrində uğurlu quruluş həllini tapdığını deyən Əbülfəs Qarayev bildirdi ki, məhz bunun sayəsində teatr xadimlərimiz, öz təcrübələrini bölüşməklə yanaşı, dünyada gedən teatr prosesinə də nüfuz etmək imkanı qazanırlar: "Müxtəlif ölkələrdə Azərbaycan teatrının gənc təmsilçiləri təhsil alır, ustad dərslərində iştirak edir. Biz sevinirik ki, teatrlarımız öz daxili mühitlərindən kənara çıxaraq beynəlxalq təcrübəni də uğurla tətbiq edirlər. Azərbaycanda səhnəyə qoyulan bir sıra tamaşalara xaricdən rejissorlar, rəssamlar, bəstəkarlar, artistlər dəvət olunarlar və bu zəmində maraqlı, uğurlu layihələrə imza atılır".
Nazir Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində çalışan insanların əməyinin hər zaman dəyərləndirildiyini diqqətə çatdırdı. Bildirildi ki, milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, kino, musiqi, təsviri sənət sahələrində xüsusi nailiyyətlər qazanan istedadlı şəxslərin bədii axtarışlarını dəstəkləmək və yaradıcılıq fəaliyyətləri üçün zəmin yaratmaq məqsədilə 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Zirvə" təsis edilib. Bu mükafatın, habelə nazirliyin "Fəxri mədəniyyət işçisi" döş nişanının belə əlamətdar gündə sahiblərinə təqdim olunması mədəniyyətimizin tərəqqisində töhfələri olmuş insanların əməyinə verilən qiymətdir.
Sonra teatr sahəsində çalışan 20-dək şəxsə "Fəxri mədəniyyət işçisi" döş nişanı təqdim edildi. Həmçinin nazirliyin "Zirvə" mükafatının 7 nominasiya üzrə laureatları elan edildi. "Milli sərvət" nominasiyasında Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə, "Musiqi" nominasiyasında Xalq artisti, dirijor Yalçın Adıgözəlov, "Teatr" nominasiyasında Şəki Dövlət Dram Teatrı, "Kino" nominasiyasında "Nabat" bədii filminin yaradıcı qrupu, "Təsviri sənət" nominasiyası üzrə Teymur və Mahmud Rüstəmov qardaşları, "Debüt" nominasiyasında Əməkdar artist Şövqi Hüseynov, "Azərbaycan mədəniyyətinə dəyərli töhfə" nominasiyasında "YARAT" Müasir İncəsənət Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova "Zirvə" mükafatı ilə təltif olundu. Qaliblərə mükafatın rəmzi simvolu, diplom və pul mükafatı verildi.
Mərasimdə Dövlət Pantomima Teatrı aktyorlarının ifasında təqdim edilən səhnəciklər maraqla qarşılandı. Tədbir iştirakçıları peşəkar teatrımızın 142 illiyə həsr olunmuş sərgi ilə də tanış oldular.