“Korporativ sosial məsuliyyət. Maraqlı şəxslər“ İqtisadiyyat

“Korporativ sosial məsuliyyət. Maraqlı şəxslər“

Tural

Dövlət müəssisələrində korporativ prinsiplərin tətbiqi istiqamətində müvafiq tədbirlər davam etdirilir. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqinə dair təlimlər keçirilir. İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə növbəti belə təlim oktyabrın 14-də "Korporativ sosial məsuliyyət. Maraqlı şəxslər" mövzusunda keçirilmişdir. Tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak etmişdir.
Təlimdə İqtisadiyyat və Sənaye Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə korporativ sosial məsuliyyətin mahiyyəti və əhəmiyyəti, onun əhatə etdiyi sahələr, maraqlı şəxslər, şəffaflıq prinsipinin reallaşdırılması, məlumatların açıqlanması və s. barədə məlumat vermiş, mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılmışdır. Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı indiyədək 38 istiqamət üzrə 8 təlim keçirilmişdir.