Xarici ticarət xeyli azalıb İqtisadiyyat

Xarici ticarət xeyli azalıb

2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 35,21 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir. Bu dövr ərzində Azərbaycan 158 ölkə ilə ticarət əməliyyatı aparıb. Hesabata görə, ilk 10 ay ərzində Azərbaycanın ümumi ticarət dövriyyəsinin həcmi təqribən 17,21 milyard dollar təşkil edib.
Xarici ticarət əməliyyatlarında təqribən 2,32 milyard dollardan çox müsbət saldo yaranıb. 2014-cü ilk 10 ayında xarici ticarət əməliyyatlarının profisiti 11,83 milyard dolları ötüb. Hesabatda bildirilir ki, bu dövr ərzində ölkənin xarici ticarət əməliyyatlarında 6355 hüquqi və fiziki şəxs iştirak edib ki, onlardan 3340-ı hüquqi, 3015-i isə fiziki şəxsdir.
Yanvar-oktyabr aylarında 9,76 milyard dollar həcmində ixrac əməliyyatları həyata keçirilib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 49,13 faiz azdır. İxrac əməliyyatlarında dövlət sektorunun payı 8,65 milyard dollar, özəl sektor - 954,94 milyon dollar, fiziki şəxslərin payı isə 155,53 milyon dollar olub.
2015-ci ilin ilk 10 ayının nəticəsi üzrə idxal 7,44 milyard dolları ötüb ki, bu da 2014-cü eyni dövründə qeydə alınan göstəricidən 1,08 faiz çoxdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 1,28 milyard dollardan çox, özəl sektor təqribən 5,88 milyard dollar, fiziki şəxslərin payı isə 285,67 milyon dollar olub. 2015-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan 2333 adda məhsul ixrac edilib, 6005 adda məhsul isə ölkəyə idxal olunub.