Tranzit yükdaşımaları sahəsində Azərbaycan-Gürcüstan əlaqələrigenişləndirilir İqtisadiyyat

Tranzit yükdaşımaları sahəsində Azərbaycan-Gürcüstan əlaqələrigenişləndirilir

Tərlan

Noyabrın 30-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev onun dəvəti ilə Bakıda səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dimitri Kumsişvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin mövcud vəziyyətinə və əməkdaşlıq perspektivlərinə, eləcə də tranzit yükdaşımalar sahəsində səmərəliliyin artırılmasına, bu sahədə Azərbaycan və Gürcüstan arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılmışdır.
Nazir Şahin Mustafayev qeyd etmişdir ki, ölkələrimiz arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edir. Azərbaycan Respublikası Prezidentinin bu yaxınlarda Gürcüstan Respublikasına rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin inkişafına verilən böyük önəmin göstəricisidir. Strateji tərəfdaş olan Azərbaycan və Gürcüstanın iştirakı ilə regionda irimiqyaslı layihələr həyata keçirilir. Bununla belə, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar vardır və əlaqələrin genişləndirilməsində nəqliyyat sahəsi, xüsusilə tranzit yükdaşımaları mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində bir sıra layihələr həyata keçirilir, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilir. Belə ki, Xəzər hövzəsində ən böyük ticarət limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin birinci fazası artıq başa çatdırılıb, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası yekunlaşmaq üzrədir. Bütün bunlar isə Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını daha da genişləndirir. Buna baxmayaraq, yükdaşımaların həcminin azalması müşahidə edilir.
Şahin Mustafayev Azərbaycanın tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradıldığını diqqətə çatdırmış, Şuranın fəaliyyəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, bu həftə ərzində tranzit yükdaşımaları üzrə optimallaşdırılmış tariflər elan ediləcək.
Azərbaycanın tranzit yükdaşımalarının həcminin artırılması sahəsində qonşu Gürcüstanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıran Şahin Mustafayev bu sahədə optimallaşdırılmış tarif siyasətinin həyata keçirilməsinin, mövcud prosedurların sadələşdirilməsinin, koordinasiya işlərinin gücləndirilməsinin vacibliyini qeyd etmişdir.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dimitri Kumsişvili Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılmasını tranzit daşımalarının həcminin artırılmasında mühüm addım kimi qiymətləndirmiş, tranzit yükdaşımaları sahəsində əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün faydalı olacağını vurğulamışdır. Dimitri Kumsişvili Gürcüstanın da tranzit yükdaşımaları sahəsində mövcud potensialdan daha səmərəli istifadə edilməsində maraqlı olduğunu bildirmiş, bu sahədə prosedurların sadələşdirilməsinə və daşıma tariflərinə dair fikirlərini bölüşmüşdür. Görüşdə ticarət, investisiya və digər məsələlər də müzakirə olunmuşdur.