Gözlənilən xəbər İqtisadiyyat

Gözlənilən xəbər

Vahid Əhmədov: "Məbləği 10 min manata qədər olan dollar kreditlərinin devalvasiyadan əvvəlki məzənnə ilə ödənməsi barədə qərar verilə bilər"

Yaxın günlərdə məbləği 10 min manata qədər olan dollar kreditlərinin devalvasiyadan əvvəlki məzənnə ilə, yəni 1 dolların 1,05 manata bərabər olduğu məzənnə ilə ödənməsi barədə qərar verilə bilər.
Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, Milli Məclisin iqtisadiyyat komitəsi tərəfindən qaldırılmış bu təklif üzrə hazırda müzakirələr gedir:
"Müzakirələr yaranmış məzənnə fərqinin hansı mənbə hesabına ödənilməsi barədə olacaq".
Millət vəkilinin sözlərinə görə, həmin fərqin ödənilməsi üçün elə də böyük vəsaitlərə ehtiyac olmayacaq: "Burada təxminən 200-300 milyon dollar vəsaitdən söhbət gedir. Düşünürəm ki, həmin vəsaiti tapmaq elə də çətin olmayacaq".
Azərbaycan Mərkəzi Bankından (AMB) yayılmış məlumatlara görə, müzakirələrdə bir sıra dövlət qurumlarının, kommersiya banklarının nümayəndələri və ekspertlər də iştirak edib. Müzakirələrdə dolların məzənnəsinin bahalaşmasından doğan problemlərin həlli istiqamətdə olub. Birgə qəbul edilmiş yeni qərarların icrasına yanvarın 20-dən sonra başlanılacaq. AMB-nin məlumatına görə, ölkədə sonra ipoteka kreditlərinin verilməsi də bərpa olunacaq. Amma bunun üçün yeni şəraitə uyğun olaraq şərtlər dəqiqləşdirilməlidir.
Bu məsələdə əsas müzakirə mövzusu 21 dekabr 2015-ci il tarixdən əvvəlki və sonrakı məzənnələr arasında fərqin hansı mənbə hesabına ödənilməsidir. Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev müsahibəsində bankların həmin fərqi ödəmək imkanının olmadığını vurğulayır: "Təbii ki, vəsaitlər dövlət hesabına əldə edilməlidir. Bankların buna imkanı yoxdur. Həm də qanunvericiliklə bankların bu fərqi ödəməyə hüquqi icazəsi yoxdur. Bu barədə qərarı Azərbaycan Milli Bankı verəcək".
MDB məkanının oxşar problemlərlə üzləşmiş bəzi ölkələrində həmin fərq dövlət tərəfindən ödənilib. Məsələn, Qazaxıstanda yaranmış məzənnə fərqi kiçik kreditlərdə bütünlüklə, böyük kreditlər də isə qismən dövlət tərəfindən ödənilib.
Millət vəkillərinin təklifi qəbul olunarsa, Azərbaycan da oxşar ssenari gerçəkləşdirəcək. Bu, Azərbaycanda sayı yüz minlərlə ölçülən istehlak krediti borclularını stressdən xilas etməklə yanaşı, bankların problemli kapitalını geri qaytararaq yenidən likvid vəsaitə çevirməyə imkan verəcək. Nəticədə, sektordan dövlət büdcəsinə ödənişlər artacaq. Dövlət bununla da sosial sabitlik üçün xərclədiyi vəsaitin bir qismini geri qaytamış olacaq.