Ekspertdən açıqlama İqtisadiyyat

Ekspertdən açıqlama

"Mərkəzi Bankın siyasəti manat təklifini məhdudlaşdırmağa hədəflənib"

"Ötən ilin dekabr və bu ilin yanvar aylarında Mərkəzi Bankın siyasəti dollarizasiya prosesinin qarşısının alınmasına deyil, sürətləndirilməsinə hesablandı. Dollar ilə depozitlərin payı ümumi əmanət portfelində 85 faizi keçib. Bu əmanətlərin valyuta strukturu baxımdan çox kritik həddir". Bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov deyib.
İqtisadçı ekspert qeyd edib ki, üzən valyuta rejiminə keçmək istəyən Mərkəzi Bank əslində manata təzyiq səbəbindən prosesi yubatmağa çalışır: "Yanvarın 25-dən sonra manatın dollara nisbətən məzənnəsi müqayisəli şəkildə möhkəmlənir. Nəticədə dollar qıtlığı səbəbindən ötən ilin sonu və bu ilin əvvələrində yüksək kursla dollar alanlar daha çox ziyan etməmələri üçün xarici valyutanı manata çevrirlər. Halbuki real üzən məzənnəyə keçməyən Mərkəzi Bank zamanında "qara bazarın" yaranmasına və vətəndaşların yüksək məzənnə ilə dollar almasına imkan verməməli idi. Manatın məzənnəsində yanvarın 25-dən sonra müzakirə edilən möhkəmlənmələr psixoloji faktor ilə bağlı olsa da əhalinin dollar təklifi də diqqətdən yayınmamalıdır. Amma iqtisadi baxımdan ev təsərrüfatlarının milli valyuta tələbi hesabına bu prosesi nə qədər uzun müddət davam etdirə bilməsi sual altındadır. Çünki müəyyən müddət sonra büdcə xərcləmələri manat təklifini, idxal isə dollar tələbini arıtracaq".
Ekspert onu da bildirib ki, əslində, 2015-ci ildə Mərkəzi Bankın siyasəti dollarlaşma prosesinə dəstək deyil, manata inam üzərində qurulmalı idi: "Manatla əmanətlərin banklardan götürülməsinin qarşısının alınması, eləcə də yeni depozitlərin cəlb edilməsi üçün bir sıra təbii ehtiyatlara malik olan ölkələrdə olduğu kimi banklarda olan əmanətlərin dollara indeksasiyası ilə bağlı təklifimiz birinci devalvasiyadan öncə verilsə də Mərkəzi Bank hələ də bu istiqamətdə heç bir addım atmayıb. Bu həm də, evlərdə saxlanan manatların banklara yönəldilməsinə və bununla da milli valyutaya təzyiqin azaldılmasına xidmət edə bilərdi. Amma baş bankın son 1 ildəki siyasəti əksinə manata təzyiqi artımaq üzərində quruldu. Manat bazasını son bir ildə inzibati metodlardan istifadə etməklə 2 dəfə azaldan Mərkəzi Bank "az manat, dollara az tələb" prinsipi ilə vətəndaşları və xüsusən də biznesi milli valyutasız qoyub. Dəfələrlə qeyd etdiyimiz kimi, məhdulaşdırıcı siyasətdən genişləndirmə siyasətinə keçid olduqca vacibdir. Mərkəzi Bankın mövcud monetar siyasəti daha çox manat təklifini məhdudlaşdırmağa hədəflənib. Artıq manatın məzənnəsi dünya bazarı ilə də əlaqəsini itirib: bivalyuta səbətinə malik olan Mərkəzı Bank dolların son günlər qlobal valyuta bazarında möhkəmlənməsinə baxmayaraq manatı ABŞ puluna nisbətən möhkəmləndirir. Deməli, 2016-cı ildə manatın məzənnəsində neftin dünya bazar qiyməti istisnasız əsas faktor olacaq".