SOCAR Xəzərdə yeni platforma istismara verib İqtisadiyyat

SOCAR Xəzərdə yeni platforma istismara verib

Martın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri "Günəşli" yatağında yeni inşa edilmiş 7 saylı dərin dəniz özülünün istismara verilməsi mərasimində iştirak ediblər. Bu barədə Trend SOCAR-ın saytına istinadən xəbər verir. SOCAR prezidenti əvvəlcə, özüldə çalışan neftçilərlə görüşərək, onları bu əlamətdar hadisə münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulayıb.
Özülə baxış keçirən Şirkət prezidentinə məlumat verilib ki, istismara buraxılan bu obyekt müstəqillik illərində layihələndirmə, tikinti və quraşdırma işləri tam şəkildə SOCAR tərəfindən həyata keçirilmiş ilk və ən dərin dəniz özülüdür. Bu özülün layihəsi "Neftqazelmitədqiqatlayihə" İnstitutu tərəfindən verilib, tikintisi isə "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilib. 20 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül "Günəşli" yatağının şərqindəki tağyanı sahədə yerləşir və dənizin 148 metr dərinliyində quraşdırılıb.
Dəniz səviyyəsindən göyərtəyədək olan məsafə 15 metr, üst döşəməyədək olan məsafə isə 30 metrdir. Özül iki hissədən - dayaq blokundan və üst tikililərdən ibarətdir. 9683,1 tonluq piramidaşəkilli dayaq blokunun hündürlüyü 151 metrdir.

Üst tikililər isə 1872 ton ağırlığında göyərtədən və ümumilikdə 3561 ton çəkiyə malik 14 ədəd moduldan ibarətdir. Platformanın ümumi çəkisi isə 25331,5 tondur. 1 ədəd vertolyot meydançasının və 2 ədəd gəmi yanalma meydançasının quraşdırıldığı özüldə işçi personalının rahat və təhlükəsiz çalışması üçün məişət evi və 120 nəfərlik yaşayış binası inşa edilib.
Hasil ediləcək karbohidrogenlərin ilkin nəqli məqsədilə buradan 8 saylı özülə qədər sualtı neft və qaz kəmərləri çəkilib. İnşaat işləri müasir texnika və texnologiyalardan istifadə edilərək beynəlxalq standartların tələblərinə uyğun təhlükəsiz və keyfiyyətlə həyata keçirilib. Özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər də ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilib. Bildirilmişdir ki, özülün enerji ilə təchizatı hazırda 8 saylı dərin dəniz özülündən çəkilmiş 6 kV-luq sualtı kabel xətti vasitəsilə təmin olunur.