XXI “TransRusiya” sərgisi İqtisadiyyat

XXI “TransRusiya” sərgisi

Azərbaycan Dəmir Yollarının nümayəndə heyəti XXI "TransRusiya" sərgisində iştirak edir. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib ki, aprelin 19-22-də Moskvada XXI TransRusiya nəqliyyat-logistik xidmətlər və texnologiyalar sərgisi keçirilir. "TransRusiya" nəqliyyat-logistik xidmətlər və texnologiyalar sərgisi Rusiya Federasiyası, MDB-nin üzvü olan digər ölkələr məkanında ən iri sərgilərdəndir. Sərgidə dəmir yollarının, liman və yük terminallarının milli, eləcə də beynəlxalq səviyyəli yükdaşıyıcıları, ekspeditorları, operatorları, yüklərin daşınması və saxlanması üzrə avadanlıq və texnika istehsalçıları, həmçinin gömrük brokerləri, sığorta şirkətləri təqdim olunur.
"TransRusiya" sərgisi RF-nın Nəqliyyat Nazirliyi, həmçinin Dövlət Dumasının energetika, nəqliyyat və rabitə Komitəsinin, nəqliyyat üzrə Federal nəzarət xidmətinin, Federal dəmir yolu nəqliyyatı Agentliyinin, Federal dəniz və çay nəqliyyatı Agentliyinin, "Rusiya Dəmir Yolları" ASC-nin, Rusiya Ekspeditorlar Assosiasiyasının və digər qurum və sahə assosiasiyalarının təşkilatçılığı ilə keçirilir.
"TranRusiya" sərgi pavilyonunun sahəsi 18000 kvadratmetrdən artıq bir ərazini əhatə edir. 4 gün ərzində sərgiyə Rusiyanın 71 regionundan və 50 xarici ölkədən 14 min 716 mütəxəssis baxış keçirəcək. Sərgidə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.