BANM Anqola şirkəti ilə əməkdaşlıq edəcək İqtisadiyyat

BANM Anqola şirkəti ilə əməkdaşlıq edəcək

Azərbaycanda səfərdə olan Anqolanın "Sonangol Hidrocarbonetos İnternacional" şirkətinin prezidenti Frederiko Ferraz Dominqos və həmin şirkətin vitse-prezidenti xanım Filomena Santos Oliveira Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rektoru Elmar Qasımovla və tələbələrlə görüşüblər. Bu barədə BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qonaqları səmimi salamlayan Ali Məktəbin rektoru Elmar Qasımov BANM-in tarixi, fəaliyyət istiqaməti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Rektor Elmar Qasımov ölkələr arasında təhsil sahəsində əməkdaşlığın vacibliyindən söz açıb. Elmar Qasımov Ali Məktəbdə mühəndis kadrların hazırlanmasında görülən işlərdən danışaraq, bu ali təhsil ocağını ölkəmizin digər ali təhsil müəssisələrindən fərqləndirən xüsusiyyətlərdən söz açıb.
O, tələbələrin həm SOCAR-ın müəssisələrində, həm də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərdə istehsalat təcrübəsi keçdiklərini diqqətə çatdırıb. Rektor BANM-in əcnəbi tələbələrin qəbuluna başladığını qeyd edərək onların Ali Məktəbdə təhsil almaları üçün geniş imkanların mövcud olduğunu vurğulayıb. O, Ali Məktəbin öz beynəlxalq əlaqələrini daim genişləndirdiyini və beynəlxalq işgüzar əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib.
Frederiko Ferraz Dominqos BANM-də olmaqdan şad olduğunu bildirərək səmimi qəbula görə rektora təşəkkür edib. O, vaxtilə Azərbaycanda təhsil aldığını qeyd edərək, yenidən Bakıda olmağından böyük məmnunluq duyduğunu söyləyib. O, aradan keçən 20 ildən artıq bir müddətdə Bakının dəyişib gözəlləşdiyini və əsl Avropa şəhərinə çevrildiyini vurğulayıb. Frederiko Ferraz Dominqos rəhbərlik etdiyi şirkət haqqında ətraflı məlumat verib, şirkətin Anqola daxilində, habelə digər ölkələrdə həyata keçirdiyi layihələr barədə söz açıb. O, şirkət daxilində fəaliyyət göstərən "Sonangol Academy" ilə BANM-in əlaqələrinin qurulması imkanlarından danışıb.
Qonaqlar BANM ilə əməkdaşlığın qurulmasında maraqlı olduqlarını bildiriblər. Görüşdə tələbələrin çoxsaylı suallarını cavablandıran qonaqlar BANM-in tələbələri haqqında öz xoş fikirlərini bildiriblər. Görüşün sonunda Frederiko Ferraz Dominqosa BANM-in "Fəxri qonaq" diplomu təqdim olunub.