Azərbaycanda “dollar aclığı“nın beş mühüm səbəbi İqtisadiyyat

Azərbaycanda “dollar aclığı“nın beş mühüm səbəbi

Ekspertlərin proqnozlarına görə, hazırki gedişat manatın daha da dəyər itirməsi ilə nəticələnəcək

Avqustun 11-də Dövlət Neft Fondunun keçirdiyi valyuta hərracında kommersiya banklarının dollara olan tələbatı faktiki təklifi təxminən 12 dəfədən çox üstələyərək rekord həcmdə — 600 milyon ABŞ dollarından çox olub. Fond tərəfindən hərraca çıxarılan 50 milyon dollar vəsait 29 banka satılıb.
Tələbin artmasını Sputnik-ə şərh edən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, burada psixoloji və obyektiv faktorlar var: "Valyuta bazarlarında ABŞ dollarına olan gündəlik tələbata uyğun olaraq dolların təklif edilməməsi, növbəti dövrlərdə tələb və təklif arasındakı fərqin davamlı olaraq artımına gətirib çıxardır. Çünki, əgər bu gün tələb olunan xarici valyuta hərraclarda alına bilmirsə, bu, alına bilməyən məbləğ növbəti dövrlərə ötürülür. Beləliklə də tələbin həcmi arta-arta gedir".
Digər bir məqam kimi ekspert deyib ki, faktiki olaraq Azərbaycanın xarici ticarət saldosu uzun müddətdən sonra artıq 2016-cı ildə mənfi istiqamətli olub: "Xüsusilə, 2-ci devalvasiyadan sonra xarici ticarətdə durğunluq yaranmağa başladı. Həm ixracın, həm də idxalın həcmində kəskin azalmalar müşahidə olundu. Bu, orta hesabla 45 faizə qədər yüksəldi. Sonrakı aylarda idxal yenidən bərpa olunmağa başladı, hazırda təxminən 15 faizə qədər azalıb. Amma əvəzində ixracda olan fərq əvvəlki səviyyəsini qoruyur. Yəni ötən illə müqayisədə təxminən 38 faizlik geriləməsini qoruyub saxlayıb. Belə olduğu təqdirdə də idxal ilə ixrac arasındakı balans Azərbaycanın zərərinə dəyişib".
"Yəni, burada ölkədən çıxan dolların həcmində artım müşahidə olunduğu halda, ölkəyə daxil olan dolların həcmində azalma baş verir. Bu da mütəmadi olaraq daxili valyuta bazarlarında ABŞ dollarına tələb formalaşdıran amillərdən birinə çevrilir", — iqtisadçı bildirib.
Psixoloji təsirlərə gəlincə, Rəşad Həsənov deyib: "Əvvəlki dövrlərdə Azərbaycanın valyuta bazarı kifayət qədər passiv bazar idi. Hazırda isə vətəndaş və yaxud da biznes valyuta bazarlarında gəlir məqsədli fəaliyyətlər göstərir. Bu isə ona gətirib çıxardır ki, məzənnə ucuzlaşması müşahidə edildiyi halda, kütləvi şəkildə vətəndaşlar və biznes tərəfindən valyuta bazarlarına dollar çıxarılır. İctimai təklif artır, amma dollar almaq istəyənlərin sayı da artır. Yəni, artıq bu, valyuta bazarlarında dalğalanmanı yüksəldir. Bu özü də mühüm faktorlardan biri hesab olunur".
"Bundan başqa, Azərbaycanın bank sektorunun xarici borclarında son dövrlərdə artımlar müşahidə olunur. Xarici borclarda artımlar müşahidə olunubsa, bu özü borclara xidmət üçün növbəti dövrlərdə xərcləri artırır. Beləliklə də banklar bu məqsədlə dollar alışı üçün hərəkətə keçir. İlin əvvəli ilə müqayisədə, təxminən 7-8 dəfə xalis xarici borc öhdəliklərində artım müşahidə olunur", — mütəxəssis vurğulayıb.
Onun sözlərinə görə, manat kütləsi fevral ayı ilə müqayisədə 2 milyarda yaxın artıb: "Fevral ayında 5,8 milyard olduğu halda, artıq iyul ayında 7,7 milyarda qədər artıb. Bu özü də bazarlarda dollar tələbi formalaşdıran amillərdən biridir. Digər amillərdən biri də ondan ibarətdir ki, son dövrlərdə faktiki olaraq Mərkəzi Bank valyuta bazarlarında iştirak etmir. Mərkəzi Bank ötən 5 ay ərzində cəmi 1 dəfə valyuta bazarında iştirak edib. Bu isə onunla əlaqədardır ki, Mərkəzi Bankın valyuta ehtiyatları kifayət qədər məhduddur — təxminən 4 milyard dollarlıq kritik bir həddə dayanıb".
"Mərkəzi Bank valyuta bazarında aktiv iştirak qərarı versə, qısa vaxt ərzində ehtiyatları əriyib qurtaracaq. Bu özü də bazar iştirakçıları tərəfindən mənfi amil olaraq qiymətləndirilir. Beləliklə də dolların bahalaşması qənaətini insanlarda artırır və onları dollar alışı ilə bağlı hərəkətə keçməyə sövq edir", — Rəşad Həsənov qeyd edib.
Növbəti bir amil kimi dövlət büdcəsinin xərcləmələrindəki son dəyişiklikləri göstərən ekspert xatırladıb ki, ilin ilk rübündə dövlət büdcəsində təxminən 2,6 milyardlıq xərcləmə baş vermişdi: "Amma ilin 2-ci rübündə bu xərcləmənin həcmi 3 milyarda qədər artdı. Yəni, 1-ci rüblə 2-ci rüb arasında təxminən 35-40 faizlik bir fərq yaranmışdı. 2-ci rübdə artım baş verdi. Hətta 2-ci rübdə sadəcə sosial məqsədli xərclərin həcmi 2,7 milyard manat olmaqla ilk rübün ümumi xərclərindən çox idi. Bütövlükdə götürəndə, bütün bu faktorlar bugünkü mənzərəni formalaşdırıb. Eyni zamanda, bu faktorların hər biri üçün növbəti dövrlərdə artan istiqamətli trend proqnozlaşdırılır. Manatın dəyər itirməsi prosesi davam edəcək".
Ekspert onu da vurğulayıb ki, neftin qiymətinin aşağı düşməsi ölkəyə daxil olan valyutanın həcminə və manatın məzənnəsinə təsir edən neqativ amillərdəndir: "Əgər neftin qiymətində hər hansı bir növbəti dövrlərdə kəskin artımlar, yəni, təxminən 1 barel üçün 20-25 dollarlıq artım müşahidə olunmazsa, manatın dəyər itirməkdə davam etməsini proqnozlaşdıra bilərik".