Azərbaycan OECD-dən yüksək reytinq almaq niyyətindədir İqtisadiyyat

Azərbaycan OECD-dən yüksək reytinq almaq niyyətindədir

Bu ilin sentyabrında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi Siyasəti və İnzibatçılığı Mərkəzi nəzdində yaradılan "Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum"un Qiymətləndirmə Qrupunun 24-cü iclası keçiriləcək. Nazirlikdən verilən məlumata görə, qurumun Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi Zaur Fətizadə deyib ki, iclasda Azərbaycanla bağlı hesabatın geniş müzakirəsi nəzərdə tutulur. Onun sözlərinə görə, müzakirə Qlobal Forumun rəhbərliyinin, Qiymətləndirmə Qrupunun 30 ölkəni təmsil edən üzvlərinin, qiymətləndiricilərin və Vergilər Nazirliyinin nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək.
"Azərbaycan Qlobal Foruma 2013-cü il fevralın 26-da üzv olub və bununla da məlumat mübadiləsi və şəffaflıq sahəsində beynəlxalq razılaşdırılmış standartın tətbiqi öhdəliyini qəbul edib. Azərbaycan üzrə qiymətləndirmənin birinci mərhələsinə 2014-cü ilin dekabr ayında başlanılıb, hazırlanan hesabat layihəsi Qlobal Forumun 21-24 sentyabr 2015-ci il tarixli 21-ci iclasında müzakirə edilib. Nəticədə Azərbaycanda vergi məqsədləri üçün məlumat mübadiləsinin tətbiqi mexanizmi üzrə qanunvericiliyin tələblərinə müsbət rəy verilərək, ölkəmizin qiymətləndirmənin birinci mərhələsini uğurla keçdiyi barədə qərar qəbul edilib. Ötən ilin dekabrında başlanmış ikinci mərhələ çərçivəsində Qiymətləndirmə Qrupunun üzvləri ölkəmizə səfər edib. Martda baş vermiş səfər müddətində ekspertlər məlumatların mübadiləsi üzrə Vergilər Nazirliyi və digər səlahiyyətli qurumların nümayəndələri ilə görüşlər keçirib, vergi inzibatçılığında şəffaflıq prinsiplərinin gözlənməsi ilə əlaqədar görülmüş işlər və məlumat mübadiləsi prosesi ilə tanış olub, Vergilər Nazirliyində məlumatların təhlükəsizliyinin beynəlxalq standartlar səviyyəsində qorunması sistemini nəzərdən keçiriblər", - deyə Z. Fətizadə vurğulayıb.
Z. Fətizadə əlavə edib ki, qaydalara uyğun olaraq, Qiymətləndirmə Qrupunun hazırladığı hesabat layihəsi ilkin mərhələdə baxılması üçün artıq Vergilər Nazirliyinə təqdim edilib: "Layihənin müddəalarının müzakirəsi və zəruri təkliflərin bildirilməsi üçün nazirliyin nümayəndə heyəti Qlobal Forumun 2016-cı ilin 20-24 iyun tarixlərində Norveçin Oslo şəhərində təşkil olunmuş 23-cü iclasında iştirak edib. Forumun rəhbərliyi və Qiymətləndirmə Qrupunun üzvləri ilə keçirilmiş görüşlər zamanı qiymətləndiricilərin sualları cavablandırılıb, hesabatın yekunlaşdırılması üçün zəruri olan əlavə məlumatlar təqdim edilib. Nəticədə qiymətləndirmənin ikinci mərhələsinin hesabat layihəsində də Azərbaycanın vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə qanunvericilik və inzibatçılıq sistemlərinə müsbət rəy verilib".
Qeyd edək ki, hazırda Qlobal Foruma üzv olan dövlətlərin 94-də yurisdiksiya üzrə qiymətləndirmənin hər iki mərhələsi yekunlaşıb. Həmin yurisdiksiyalardan 60%-dən çoxu, o cümlədən Birləşmiş Krallıq, Almaniya, İtaliya, Niderland, Lüksemburq və digər dövlətlər "Əsasən uyğundur" reytinqi almaqla vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartın alınmasına müvəffəq olub.
"Rəsmi təsdiqdən sonra Azərbaycanın bu ölkələr sırasına qoşulması ölkəmizin beynəlxalq arenada şəffaflıq və məlumat mübadiləsi üzrə etibarlı və fəal tərəfdaş kimi rolunu daha da gücləndirəcək. Həyata keçirilən kompleks tədbirlərin davamı olaraq, Azərbaycanın mötəbər beynəlxalq təşkilat tərəfindən yüksək reytinqə layiq görülməsi ölkəmizə bir sıra üstünlüklər qazandıracaq. İlk növbədə, əlverişli investisiya mühiti və şəffaflığın təminatı fonunda beynəlxalq arenada nüfuzun daha da artırılması imkanları qeyd olunmalıdır. Ölkənin investisiya potensialının dünya miqyasında tanıdılması ilə xarici investisiyaların cəlbinin stimullaşdırılması və genişləndirilməsi, eləcə də Azərbaycanın bütün maliyyə mərkəzlərinin təmsil olunduğu unikal bir Forumda etibarlı partnyor kimi tanınması xüsusi əhəmiyyətə malikdir. Bütün bunlar Azərbaycanın beynəlxalq səviyyədə məlumat mübadiləsi üzrə etibarlı tərəfdaş imicini daha da yüksəldəcək", - deyə Z.Fətizadə qeyd edib.