“Bakutel-2016” sərgisində “Youth Inc.Business Academy” proqramı İqtisadiyyat

“Bakutel-2016” sərgisində “Youth Inc.Business Academy” proqramı

Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində "Youth Inc.Business Academy" Akselerasiya Proqramının bağlanış və mükafatlandırma mərasimi keçirilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) bildirilib ki, XXII "Bakutel" sərgi-konfransı çərçivəsində keçirilən tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev proqram çərçivəsində görülən işlər, gənclərin sahibkarlıq fəaliyyətinin təşviq edilməsi üçün dəstək verilən layihələrdən söz açıb.
Qeyd edilib ki, "Youth Inc." Proqramı Gənclər və İdman Nazirliyi, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi və "Coca-Cola" şirkəti ilə birgə təşkil olunub. Proqram Azərbaycanda "Gənc Sahibkarlıq" anlayışının inkişafı, gənclərin biznes haqqında məlumatının artırılması və gənclərin öz biznesinin yaradılmasına dəstək məqsədi daşıyır.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə startap hərəkatı təşəbbüsünün ilk dəfə olaraq RYTN tərəfindən irəli sürüldüyünü, gənc innovatorlara dəstək məqsədilə başlanılan hərəkatın artıq xeyli genişləndiyini diqqətə çatdırıb. Nazirlik tərəfindən bu sahədə həyata keçirilən tədbirlərin davamlı xarakter aldığını vurğulayan nazir müavini Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun startapların inkişafına yönələn fəaliyyətləri haqda məlumat verib. Tədbirin digər təşkilatçıları "Coca Cola", "Nobel Oil" şirkətlərinin nümayəndələri, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev çıxış edərək, "Youth Inc.Business Academy" Akselerasiya Proqramı ilə bağlı fikirlərini bölüşüblər. Sonra proqram iştirakçılarına mükafatlar təqdim olunub. Tədbirin sonunda RYTN-in tabeliyində Yüksək Texnologiyalar Parkı və "Youth Inc." Gənclərin Sahibkarlıq Proqramı arasında Anlaşma memorandumu imzalanıb. Sənədi Yüksək Texnologiyalar Parkının direktoru Seymur Ağayev və "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev imzalayıblar.