Banklar niyə dollar satmır? İqtisadiyyat

Banklar niyə dollar satmır?

Hazırda Azərbaycanın bank sistemi iflic vəziyyətindədir. Kommersiya bankları dollar satışını dayandırıb. Az bir qismi isə dolları limitlə satır. "Qara bazar"ın da qara günləri başlayıb. Hüquq-mühafizə orqanları mütəmadi reydlər keçirərək, "qara bazar"da dollar satışı həyata keçirənləri saxlayırlar. Kommersiya bankları dollar satmır, "qara bazar" məhdudlaşıb, bəs insanlar xaricə pul köçürmələrini, səfərlərini necə həyata keçirsinlər?
Ümumiyyətlə, proses nə vaxtadək davam edəcək?
Modern.az-ın bu qəbildən olan sualına Azərbaycanın maliyyə sisteminə cavabdeh olan iki qurum "səlahiyyətimiz xaricindədir" deməklə yaxa qurtarıb...
Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev deyib ki, dollar satmaq təmsil etdiyi qurumun səlahiyyətləri çərçivəsində deyil:"Mərkəzi Bank kommersiya banklarına, onların dollar satıb-satmamasına nəzarət etmir. Çünki bu, bizim səlahiyyətlərimiz xaricindədir. Biz individual olaraq kommersiya bankları ilə işləmirik. Biz məzənnə siyasəti həyata keçiririk".
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) müşaviri Rüfət Abbasov isə bildirib ki, qurum valyuta tənzimlənməsini həyata keçirmir:"Biz valyuta tənzimləyən orqan deyilik. Valyuta bazarındakı tələb və təklifin tənzimlənməsi bizim səlahiyyətlərimiz çərçivəsində deyil. Ona görə də şərh verə bilmirəm".
R.Abbasov "çox qəribədir maliyyə məsələlərində cavabdeh olan iki qurum-Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası məsələnin səlahiyyətləri xaricində olduğunu əsas gətirir" fikirlərini belə şərh edib:
"Biz maliyyə bazarlarının subyekti olaraq banklara nəzarət edirik. Onların fəaliyyətinin qanun çərçivəsində olmasına nəzarət edirik ki, qanundankənar faəliyyət göstərməsinlər. Dollar isə tələb və təklif məsələsidir. Hazırda bazarda tələb və təklif arasında kəskin fərq var. Tələbat təklifdən daha yüksəkdir. Biz valyuta satmırıq, hərrac keçirimirik. Ümumiyyətlə valyuta tənzimləyən orqan biz deyilik. Banklar dollar satmırsa, demək ki, dollarları yoxdur".