Əmlakın qeydiyyatı sahəsində çıxarış və arxivlər elektronlaşdırılacaq İqtisadiyyat

Əmlakın qeydiyyatı sahəsində çıxarış və arxivlər elektronlaşdırılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində çıxarışlar və daşınmaz əmlakla bağlı arxivlər elektronlaşdırılır. ƏMDK tərəfindən sosial faktorlar və vətəndaş amilinin gücləndirilməsi prinsipləri nəzərə alınaraq, daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı, xidmətlərin maksimum sadələşdirilməsi, prosedurların optimallaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə daha bir yeniliyə imza atılıb.
Bununla bağlı martın 3-də "Çıxarış və arxivlərin elektronlaşması" layihəsinin ictimai təqdimatı keçirilib. ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin dövlət qurumları tərəfindən göstərilən xidmətlərin əhaliyə daha rahat, operativ, şəffaf şəkildə təqdim olunması və bu sahədə vətəndaş məmnunluğunun artırılması barədə tapşırıqlarının icrası ilə bağlı komitə tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
Bu istiqamətdə növbəti innovativ addım daşınmaz əmlakın qeydiyyatı sahəsində çıxarışların və daşınmaz əmlakla bağlı arxivlərin elektron müstəviyə keçirilməsidir. Belə ki, gələcəkdə reallaşacaq bu yeniliyə əsasən, əhaliyə əmlaklar üzərində çıxarışların elektron formatda təqdim edilməsi mümkün olacaq. Vətəndaş öz arzusuna görə çıxarışını elektron və ya kağız formasında əldə edə biləcək. Belə ki, əmlak sahibi çıxarışını almaq üçün müvafiq idarəyə gəlmədən, "Elektron hökumət" portalında yaradılacaq şəxsi kabinetindən elektron formada əldə edə biləcək. Elektron çıxarışların tətbiqi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirir, əhalinin əmlaklarının qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və şəffaflığı artırır. Həmçinin digər dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır.
Artıq elektron çıxarışın tez bir zamanda tətbiqi ilə bağlı qanunvericilik aktlarında dəyişikliklərin edilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə proqramlaşdırma və texniki işlərin həyata keçirilməsinə başlanılıb.
Qeyd edək ki, daşınmaz əmlakın elektron qeydiyyatı üçün ən vacib şərtlərdən biri elektron arxivin və rəqəmsal elektron məlumat bazasının yaradılmasıdır. Bu isə daşınmaz əmlakın qeydiyyatı və bununla bağlı digər xidmətlərin göstərilməsində vaxt itkisini aradan qaldırmağa, operativliyi artırmağa imkan verir. Bununla əlaqədar, komitə tərəfindən elektron arxivin yaradılması istiqamətində də mühüm addımlar atılıb. Belə ki, komitənin regional ofislərində daşınmaz əmlaklar üzərində əvvəllər yaranmış hüquqlar üzrə 1,5 milyondan artıq əmlaka dair kağız formasında olan sənədlər və texniki sənədlərdə olan mətn məlumatları elektronlaşdırılaraq Milli Qeydiyyat Sisteminin elektron məlumat bazasına daxil edilib. Milli Qeydiyyat Sisteminin vahid məlumat bazasının yaradılması və onun təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidmətin korporativ şəbəkəsi ən müasir avadanlıqlarla təchiz olunmaqla yenidən qurulub. Korporativ şəbəkənin yenidən qurulması və vahid mərkəzdən idarə olunması nəticəsində komitənin daşınmaz əmlakın qeydiyyatını həyata keçirən 18 regional ofisinin məlumat bazası vahid məlumat bazasında birləşdirilib.
Bu layihənin reallaşdırılmasında məqsəd komitə tərəfindən əhaliyə göstərilən qeydiyyat xidmətlərində əlçatanlıq prinsiplərinin təmin olunması, vətəndaş məmnunluğunun artırılması, insan amilinin daha da gücləndirilməsi, əmlak sahiblərinə daha müasir və qənaətli xidmətlərin göstərilməsidir. Bildirilib ki, komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində digər nailiyyətlər kimi, daşınmaz əmlakın qeydiyyatının maksimum sadələşdirilməsi, bütün fəaliyyət istiqamətlərində elektron xidmətlərin və "bir pəncərə" sisteminin tətbiqi, sosialyönümlü tədbirlərdən olan "Kütləvi çıxarış" kampaniyalarının keçirilməsi, əhaliyə bu sahədə hüquqi yardımların göstərilməsi və "Əmlakın qeydiyyatı kalkulyatoru"nun istifadəyə verilməsini qeyd etmək olar.
Sonra "Çıxarış və arxivlərin elektronlaşdırılması" layihəsinin istifadəyə verilməsi ilə bağlı görüləcək işlərə dair təqdimat olub. Diqqətə çatdırılıb ki, hazırda daşınmaz əmlakın qeydiyyatı prosesi vətəndaşdan hüquq müəyyənedici sənədlərin və ərizənin qəbul edilməsi, qeydiyyatın icrası və sənədlərin emalı, nəhayət, hazır sənədlərin vətəndaşlara verilməsi kimi üç mərhələdən ibarətdir. Bu mərhələlərdən artıq əvvəllər yaranmış hüquqlar, habelə təkrar bazarda hüquqların qeydiyyatında sənədlərin qəbulu və icra prosesi tam olaraq elektron qaydada həyata keçirilir. Çıxarışın elektron verilməsi isə bu proseslərin sonadək elektronlaşmasını təmin edəcək.
Tətbiq ediləcək layihəyə əsasən, çıxarış elektron qaydada təsdiq edilməklə "Elektron hökumət" portalı vasitəsilə əmlak sahibinin şəxsi elektron kabinetində yerləşdiriləcək. Vətəndaş, aidiyyəti dövlət qurumları, notariuslar və banklar da bu portal vasitəsilə həmin çıxarışla bağlı əməliyyatı aparacaq. Elektron imza ilə təsdiqləndiyi üçün çıxarışın elektron variantını bütün əməliyyatlarda tamhüquqlu sənəd kimi istifadə edəcək. Beləliklə, vətəndaş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə gəlmədən reyestrdən çıxarışı əldə edəcək. Bu da məmur-vətəndaş ünsiyyətini sıfır səviyyəsinə endirəcəyi kimi vətəndaşın vaxt itkisini və dövlət idarəsinə getməsini ortadan qaldıracaq.
Bundan əlavə, kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər ortadan qalxacaq. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna ediləcək. "Çıxarış və arxivlərin ektronlaşdırılması" layihəsinin icrası nəticəsində bu prosesin daha da optimallaşdırılması, maksimum sadələşdirilməsi və əhalinin əmlaklarını daha rahat və əlçatan şəraitdə qeydiyyatdan keçirməyə imkan yaradacaq. Bu isə öz növbəsində daşınmaz əmlakın qeydiyyatı sahəsində ölkəmizin "Doing Business" və digər bu kimi hesabatlarda reytinq göstəricilərinin artmasına imkan verir.