133 dövlət əmlakı hərraca çıxarılacaq İqtisadiyyat

133 dövlət əmlakı hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 23-də növbəti hərrac keçiriləcək. Komitədən verilən məlumata görə, hərraca ümumilikdə 133 dövlət əmlakı olmaqla 25 səhmdar cəmiyyəti, 23 kiçik dövlət müəssisə və obyekti, 74 istifadəsiz qeyri-yaşayış sahəsi və 11 nəqliyyat vasitəsi çıxarılacaq. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Balakən, Zaqatala, Lənkəran, Tərtər, Şəmkir, Ağcabədi, Gəncə və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Balakən Əmlak Kompleksi, Zaqatala Barama Toxumu Zavodu, Sumqayıtda 22 saylı mağaza kimi iri dövlət əmlakları var.
Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Balakən Əmlak Kompleksidir. 1 milyon 72 min manata təklif olunan müəssisənin torpaq sahəsi 37,602 kv.m.-dir. Bundan başqa Zaqatala Barama Toxumu Zavodu 425 min 625 manata, Sumqayıtda yerləşən 22 saylı mağaza 326, 786 manata, "Çinar" soyuducular zavodunun Şəmkir filialı 225 min manata hərraca çıxarılıb.
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 64-ü paytaxtda, qalanları isə Sumqayıtda, Daşkəsən, Şirvan, Mingəçevir və digər rayon və şəhərlərdə yerləşir. Ən yüksək ilkin satış qiyməti Paytaxın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 110 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 13 kv.m ilə 244 kv.m arasında dəyişir. Bu isə vətəndaşlada seçim imkanını artırır.
Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında "Qax Taxıl", "Boradigah Çay-2", "Salyan Aqrotexservis", "Yevlax Yük Avtonəqliyyat", "Salyan broyler" İsmayıllı Təmir Tikinti kimi səhmdar cəmiyyətlər var. Hərraca çıxarılan 11 nəqliyyat vasitəsinin qiyməti isə 900 manatla 28 min 800 manat arasında dəyişir. Özəlləşdirilən nəqliyyat vasitələrinin markaları da müxtəlifdir.