Asiya İnfrastruktur İnvestisiya Bankının üzvlərinin sayı 85-ə çata bilər İqtisadiyyat

Asiya İnfrastruktur İnvestisiya Bankının üzvlərinin sayı 85-ə çata bilər

Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) üzvlərinin sayı ilin sonuna 85-ə çata bilər. Bu barədə bankın prezidenti Cin Liçun Çinin Ciansu vilayətində keçirilən inkişaf sammitində çıxışı zamanı deyib. AİİB prezidenti bankın yeni namizəd tərəflərin üzvlüklə bağlı müraciətini müsbət qarşıladığını bildirib. Cin Liçun ümidvar olduğunu bildirib ki, yaxın gələcəkdə AİİB-ə qoşulan ölkələrin sayı daha da artacaq.
Mənzil-qərargahı Pekində yerləşən bankın nizamnamə kapitalı 100 milyard ABŞ dolları məbləğində müəyyən edilib. Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirməklə regionun inkişafına dəstək məqsədilə yaradılan bank ötən müddətdə Azərbaycan, Pakistan, Banqladeş, Hindistan, İndoneziya, Tacikistan, Oman və Myanmaya, ümumilikdə, 13 layihəyə təxminən 2 milyard dollardan çox vəsait ayırıb.