Bu il sahibkarlara 36 mln. manat güzəştli kredit verilib İqtisadiyyat

Bu il sahibkarlara 36 mln. manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarların maarifləndirilməsi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu gün bu istiqamətdə növbəti tədbir – Sabunçu rayonunun Bakıxanov qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.
İşgüzar forumda Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan istixana və zeytunçuluq təsərrüfatlarının, badam bağının salınması, corab, qablaşdırma materialı və polietilen paketlər istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il ərzində ölkə üzrə 360 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 36,2 mln. manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 1000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə isə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1345 investisiya layihəsinin maliyyələşdirilməsinə 377,6 mln. manat güzəştli kredit verilib.
İşgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 9,8 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, tikinti materiallarının istehsalı istixana kompleksinin yaradılması, mətbəx və məişət mallarının istehsalı, quşçuluq və heyvandarlıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-dən çox yeni iş yerinin açılması mümkün olacaq.