TANAP sosial layihələrə 1,5 mln. lirə ayırır İqtisadiyyat

TANAP sosial layihələrə 1,5 mln. lirə ayırır

Trans-Anadolu Boru Kəmərinin (TANAP) Əskişəhərdən (Türkiyə) keçən ərazilərdə dəyəri 1,5 mln. lirəyə qədər olan layihələrə qrant ayrılacaq.
Bunu Əskişəhər Ticarət Evinin rəhbəri Metin Gülər deyib.
Metin Gülərin sözlərinə görə, bu qrant TANAP-ın Sosial və Ətraf Mühit İnvestisiyaları Proqramı (SEİP) çərçivəsində ayrılacaq: "Əskişəhərdə olan qeyri-hökumət təşkilatlarına ən aşağı limiti 200 min, ən yuxarı limiti 1,5 mln. lirə olan layihələrin dəyərinin 95%-ə qədəri maliyyələşəcək. Sənəd qəbulu üçün son tarix 23 avqustdur. Bütün təşkilatları müraciət etməyə çağırıram. Düşünürəm ki, bu maliyyələşmədən Əskişəhər qazanacaq".
TANAP Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP-da Türkiyənin BOTAŞ şirkəti 30% paya malikdir.