“Bahalaşma böyük ehtimalla İraqda keçirilən referendumla bağlıdır” İqtisadiyyat

“Bahalaşma böyük ehtimalla İraqda keçirilən referendumla bağlıdır”

Rəşad Həsənov: "Hazırda referendumun keçirildiyi ərazi dünya bazarlarına neft təşkil edən bölgə sayılır"

"Proqnoz verilirdi ki, Səudiyyə Ərəbistanı və Rusiya arasında hasilatın tənzimlənməsi ilə bağlı sazişin uzadılması istiqamətində növbəti razılığın əldə olunması, digər tərəfdən ABŞ-ın Texas ştatında fırtına səbəbindən hasilatın bir qədər aşağı düşməsi, ard-arda son 3 ayda demək olar ki ABŞ-ın qlobal rezervlərinin azalması fonunda neftin qiymətində bahalaşma prosesi gedirdi".
Bu barədə açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib. Ekspertin sözlərinə görə, son günlər ərzində baş verən bahalaşma böyük ehtimalla İraqda keçirilən referendumla bağlıdır: "Hazırda referendumun keçirildiyi ərazi dünya bazarlarına neft təşkil edən bölgə sayılır və İraq neftinin böyük bir qismi bu ərazidə hasil olunur. Digər tərəfdən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanat səsləndirdi ki, referendum Türkiyə üzərindən dünya bazarlarına daşınan neftin sonu olacaq. Türkiyə müxtəlif yollarla həm Türkiyə üzərindən, həm də digər ərazilərdən dünya bazarlarına çıxarılan "Kürdüstan" neftinin qarşısını alacaq".
R. Həsənov vurğulayıb ki, referendumun nəticələri növbəti dövr üçün Yaxın Şərqdə qarışıqlıq vəd edir: "Hətta, bu proses sonda hərbi əməliyyatlara aparıb çıxara bilər. Türkiyə və İran bu referendumun keçirilməsinə razı deyildi. Həmçinin, İraq ordusunun da həmin bölgəyə daxil olmaq ehtimalları mövcuddur. Bütövlükdə bütün bunlar son nəticədə dünya bazarlarında təklif olunan neftin həcminin azalmasına və əgər bölgədə müharibə başlasa tələbin müəyyən qədər artmasına gətirib çıxara bilər. Hazırda bazar iştirakçıları bu prosesi qiymətləndirir. Bu da neftin qiymətinin əhəmiyyətli səviyyədə bahalaşmasını şərtləndirib. Neftin bahalaşması növbəti günlərdə də davam edə bilər. Neftin qiyməti 65 dollara kimi bahalaşa bilər. Hətta ola bilsin ki, bölgədə gərginlik artsa qiymət 70 dolları görə bilər. Lakin, bu proses dayanıqlı olmayacaq. Daha sonra neftin qiymətinin 55-60 arasında geriləməsi ehtimalı daha çoxdur".