Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb İqtisadiyyat

Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb

Azərbaycanda Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda keçirilən görüşdə bu sahədə fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb, Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis edilməsi qərara alınıb. "Astaraçay" şirkətinin rəhbəri Tələt Məmmədov assosiasiyanın idarə heyətinin sədri seçilib. Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması sahibkarlığın inkişafı, eləcə də çay istehsalı və ixracının artırılması, ölkəmizin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olacaq. İqtisadiyyat Nazirliyi sahibkarların ixtisaslaşmış assosiasiyalarda birləşməsinə daim dəstək göstərir və indiyədək Arıçılar, Şərab, Nar, Fındıq, Meyvə-Tərəvəz, Xurma, Tekstil İxracatçıları və İstehsalçıları assosiasiyaları yaradılıb.
Qeyd edək ki, dövlət başçısının "Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 12 sentyabr tarixli Sərəncamında bu sahənin inkişafı ilə bağlı vəzifələr müəyyənləşdirilib, çayçılıq sahəsinin inkişafının davamlı olaraq dəstəklənməsinin təmin edilməsi, fermerlər, tədarükçülər, emalçılar və ixracatçıların dövlət orqanları ilə qarşılıqlı əlaqələrinin daha səmərəli təşkil edilməsi üçün Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması üçün müvafiq tədbirlərin görülməsi tapşırılıb.