Azərbaycanın təkmilləşdirilmiş infrastruktura ehtiyacı böyükdür İqtisadiyyat

Azərbaycanın təkmilləşdirilmiş infrastruktura ehtiyacı böyükdür

Dünya Bankı qrupunun icraçı vitse-prezidenti və İnvestisiyalara Zəmanət üzrə Çoxtərəfli Agentliyin (MİGA) icraçı direktoru xanım Keyko Honda hökumət rəsmiləri və potensial sərhədlərarası özəl investorlarla görüşmək məqsədi ilə dünən Bakıya səfər edib.
Səfərin məqsədi Azərbaycanın ortamüddətli inkişaf strategiyasını müəyyənləşdirməkdir.
Dünya Bankının rəsmi açıqlamasında deyilir ki, hökumət özəl sektorun inkişafı üçün mühitin yaxşılaşdırılması məqsədi ilə islahatların həyata keçirilməsinin sürətləndirilməsinə xüsusi diqqət ayırır:
"Dünyada çatışmayan maliyyə resursları yox, mənfəətli layihələrdir. Azərbaycanın təkmilləşdirilmiş infrastruktura ehtiyacı böyükdür və bu ehtiyacların qarşılanması üçün sərhədlərarası investorların imkanlarından istifadə edilə bilər. Mən ölkənin inkişaf məqsədlərinə nail olması üçün özəl kapitalın cəlb olunmasına MİGA-nın necə yardım edə biləcəyini öyrənməyə ümid edirəm", - K.Honda bildirib.
MİGA 2017-ci maliyyə ilində qeyri-kommersiya risklərinin sığortalanması və kredit potensialının gücləndirilməsi ilə inkişaf etməkdə olan ölkələrə qoyulan 4,7 milyard dollar dəyərində beynəlxalq özəl investisiyaları dəstəkləyib. Ümumilikdə isə 1988-ci ildən MİGA 110 ölkədə 800-dən çox layihəyə dəstək verib.