Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib İqtisadiyyat

Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib

"Azərbaycan və Rusiya arasında əlaqələr bütün sahələrdə genişlənir, inkişaf edir".
Bunu Azərbaycan-Rusiya İşgüzar Şurasının geniş iclasında çıxışı zamanı Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial var: "Əlaqələrimiz bütün istiqamətlərdə inkişaf edir. Humanitar sahədə də əməkdaşlıq genişlənir. İki ölkə arasında ticarət dövriyyəsi artıb. 2017-ci ildə Rusiya Azərbaycanın xarici ticarət tərəfdaşları arasında 3-cü yeri tutur. Azərbaycana idxalda Rusiya birinci yerdədir. Həmçinin Azərbaycanın qeyri-neft idxalında da Rusiya ilk yerdədir".
Ş.Mustafayev bildirib ki, Azərbaycan və Rusiya əlaqələrini genişləndirilməsində yeni mexanizmlərin tətbiqini məqsədəuyğun sayır.
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin isə çıxışında bildirib ki, Rusiya şirkətlərinin bu il Azərbaycan iqtisadiyyatına investisiyaları 1,5 mlrd. dollara çatıb: "Azərbaycan şirkətlərinin Rusiya iqtisadiyyatına investisiya yatırması çox yaxşıdır. Əlaqələrimizin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Həmçinin, birdə fəaliyyətin qurulması da mümkündür".
İclasın sonunda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Rusiyanın İxrac Mərkəzi (RİM) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu AZPROMO-nun rəhbəri Rüfət Məmmədov və Rusiyanın İxrac Mərkəzinin baş direktoru Pyot Fradkov tərəfindən imzalanıb.
Daha sonra bir neçə Azərbaycan və Rusiya şirkətləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.