Bakı Neft Emalı Zavodunda yeni qurğular tikiləcək İqtisadiyyat

Bakı Neft Emalı Zavodunda yeni qurğular tikiləcək

SOCAR "Maire Tecnimont" şirkəti ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yeni qurğuların tikintisi üzrə müqavilə imzalayıb. SOCAR-dan verilən məlumata görə, müqaviləyə əsasən Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası və rekonstruksiyası layihəsinin bir hissəsi kimi müəssisədə EPC sabit qiymət prinsipləri əsasında yeni qurğuların tikintisi həyata keçiriləcək.
"SOCAR Azərbaycanda istehsal olunan neft emalı məhsullarının keyfiyyətini və istehsal həcmini artırmaq məqsədilə Heydər Əliyev adına Neft Emalı Zavodunda rekonstruksiya və modernizasiya layihəsini davam etdirir. Layihə çərçivəsində İlkin Detallı Layihələndirmə (FEED) işləri başa çatdırılıb və layihənin növbəti - Layihələndirmə, Satınalma, Tikinti (EPC) mərhələsinin icrası məqsədilə tender müsabiqələri keçirilib. Bu gün SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu və "Tecnimont/Kinetics Technology" Alyansı arasında zavodun yenidənqurma və modernizasiya layihəsi çərçivəsində yeni qurğuların tikintisi üzrə EPC müqaviləsi imzalanıb", - deyə məlumatda vurğulanıb.
SOCAR Tower-də keçirilən imzalanma mərasimində hər iki tərəfdən yüksək vəzifəli şəxslər, həmçinin İtaliyanın Azərbaycandakı səfiri cənab Auqusto Massari iştirak ediblər. Müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayilov və "Maire Tecnimont S.p.A." şirkətlər qrupunun baş icraçı direktoru Pierroberto Folgiero imzalayıblar. İmzalanma mərasimində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, bu gün SOCAR "Avro-5" standartına cavab verəcək yüksək keyfiyyətli dizel, benzin və digər yanacaq məhsullarının istehsalına daha bir addım yaxınlaşıb: "Maire Tecnimont SpA" dünyanın aparıcı şirkətlərindən biridir. Əməkdaşlığımız yaxın illərdə Azərbaycanın daxili bazarını yüksək keyfiyyətli yanacaqla təmin etməyə, ölkəmizin ixrac gəlirlərini artırmağa imkan yaradacaq."
"Maire Tecnimont S.p.A." şirkətlər qrupunun baş icraçı direktoru Pierroberto Folgiero çıxışında qeyd edib: "Azərbaycanda həyata keçirdiyimiz iki strateji neft-kimya layihəsindən sonra, bu müqavilə "Maire Tecnimont" qrupuna emal işində SOCAR ilə məhsuldar münasibətlər qurmağa, neft-kimya sənayesi ilə inteqrasiya strategiyasını dəstəkləməyə imkan verəcək. Biz ölkənin karbohidrogen ehtiyatlarının işlənməsi üzrə daunstrim sektorunda belə bir nüfuzlu müştəri ilə münasibətləri davam etdirməkdən həqiqətən qürur duyuruq." "Maire Tecnimont" şirkəti SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıqda yerli kadrların birgə hazırlanmasını davam etdirmək və yeni müqavilənin imzalanmasından sonra bu işləri daha da genişləndirmək niyyətindədir.
Müqaviləyə əsasən, 10-dan çox istehsal qurğusunun tikintisini nəzərdə tutulur. Mövcud qurğuların və ümumi zavod təsərrüfatı obyektlərinin yenidən qurulması isə ötən ilin dekabr ayında digər tenderin qalibi olan Tecnicas Reunidas şirkətinə həvalə olunub. Emal zavodunun yenidənqurma layihəsi podratçı şirkətlər - SOCAR-KBR/KBR alyansı tərəfindən idarə olunur. Layihənin 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur. I mərhələdə 2018-ci ildə yeni bitum qurğusu və müvafiq ümumzavod təsərrüfatı qurğuları, eləcə də yeni maye qazdoldurma məntəqəsi tikilib istismara veriləcəkdir. II mərhələdə 2020-ci ilin sonunadək "Avro-5" keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işləri müəyyənləşdirilib. III mərhələdə isə 2021-ci ilin əvvəlinədək "Avro-5" keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası nəzərdə tutulub. Modernizasiya layihəsinin həyata keçirilməsi istehsal edilən yanacağın keyfiyyətini Avro-5 standartına uyğunlaşdırmağa və istehsal həcmini ildə 7,5 mln. tona çatdırmağa imkan verəcək. Rekonstruksiya ölkəmizin ixrac potensialını və NEZ-in gəlirliliyini artıracaq, həmçinin "Azərikimya" İB-nin sabit xammal təchizatını təmin edəcək. Layihə nəticəsində NEZ-in əməliyyat xərclərinin optimallaşdırılması, habelə Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması gözlənilir.