Sahibkarları üçün xarici bazarlarda araşdırmalar aparılıb İqtisadiyyat

Sahibkarları üçün xarici bazarlarda araşdırmalar aparılıb

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə İxracatçılar Klubunun növbəti iclası və "Made in Azerbaijan" brendinin təşviqi mexanizmləri ilə bağlı seminar keçirilib. Nazirlikdən verilən məlumata görə, tədbirdə 100-ə yaxın sahibkar iştirak edib. AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev İxracatçılar Klubunun Azərbaycan məhsullarının xarici bazarlara ixrac edilməsində istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədilə yaradıldığını qeyd edib, sahibkarlara göstərilən dəstək mexanizmləri barədə məlumat verib. Vurğulanıb ki, rəqabətqabiliyyətli məhsul istehsalı, ixracın diversifikasiyası, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi qarşıya qoyulmuş prioritet vəzifələrdəndir. Bu məqsədlə ölkəmizdə qeyri-neft sektorunun ixrac imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir.
"Made in Azerbaijan" brendinin təşviqinin istehsalın artırılması, ixracın coğrafiyasının və həcminin genişləndirilməsində əsas mexanizmlərdən olduğunu qeyd edən Yusif Abdullayev bu istiqamətində 2017-ci ildə görülmüş işlər və 2018-ci ildə reallaşdırılacaq tədbirləri diqqətə çatdırıb. Tədbirdə sahibkarların sorğusu əsasında xarici ölkələrdə müxtəlif məhsullar üzrə aparılmış bazar araşdırmalarının nəticələri sahibkarlara təqdim edilib. Seminarda "Made in Azerbaijan" brendinin təşviqi mexanizmləri ilə bağlı yeni qaydaların üstünlükləri diqqətə çatdırılıb, bu barədə AZPROMO-nun İxracın Təşviqi Departamentinin direktoru Fuad Cəfərovun təqdimatı dinlənilib. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.