17 Sentyabr 22:08
11:18
420
Sentyabrın 18-də dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü tamam olur. Bu gün həm də böyük bəstəkarın doğum günü şərəfinə ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
APA xəbər verir ki, bu əlamətdar gününə həsr olunan tədbirlər silsiləsi ənənəvi olaraq I Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarının ziyarət olunması ilə başlanıb.
Mərasimdə mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət xadimləri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edərək məzarları üzərinə tər çiçək dəstələri düzüblər.
Daha sonra Üzeyir Hacıbəylinin məzarı üstünə əklil qoyulub və çiçəklər düzülüb.
Mədəniyyət naziri Adil Kərimli hər kəsi Milli Musiqi Günü münasibətilə təbrik edib. O bildirib ki, 18 sentyabr Üzeyir Hacıbəylinin doğum günü olmaqla yanaşı, ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur:
“Bu gün Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 1995-ci ildə imzaladığı sərəncama əsasən Milli Musiqi Günü kimi qeyd olunur. Bu, Üzeyir bəyin yaradıcılığına verilən ən böyük dəyərlərdəndir. Biz də bu ənənəyə hər il sadiq qalırıq. Üzeyir Hacıbəylinin irsi daim bizim üçün vacibdir. Bu gün həm də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır. Sentyabrın 18-dən 30-dək keçiriləcək festivalın bu il də zəngin proqramı var”.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin xüsusi yeri olduğunu bildirib:
“Üzeyir Hacıbəyli elə bir şəxsiyyətdir ki, məhz onun sayəsində Azərbaycan musiqisində tarixi bir dövr başlandı, klassik musiqi sənətimizin təməli qoyuldu, yeni musiqi janrları yarandı. O, mədəniyyətimizə çox böyük töhfələr verərək milli musiqimizi dünya səviyyəsinə qaldıra bildi”.
I Fəxri xiyabanda uyuyan Azərbaycan musiqisinin korifeylərindən Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevin də məzarları ziyarət olunub.
12:07
63
09:25
581
17 Sentyabr 17:29
938













