Azərbaycanın ikinci və üçüncü süni peykləri buraxılacaq İqtisadiyyat

Azərbaycanın ikinci və üçüncü süni peykləri buraxılacaq

Nazir: "Yeni peyklər xidmətlərin ixracı üçün nəzərdə tutulacaq"

Tərlan

Azərbaycanın ikinci və üçüncü süni peyklərinin orbitə çıxarılması layihələri kommersiya xarakterli olacaq və əsasən xidmətlərin ixracı üçün nəzərdə tutulacaq. Bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Qeyd edək ki, ötən ilin fevralında orbitə ilk süni milli telekommunikasiya peykini çıxaran Azərbaycan növbəti mərhələdə yer səthinin müşahidəsi üçün nəzərdə tutulan aşağı orbitli peyki, daha sonra isə ikinci telekommunikasiya peykini kosmosa buraxacaq.
Nazirin sözlərinə görə, "Azerispace-1" süni peykinin ölkə üzrə nəzərdə tutulan 20%-i tam dolmayıb: "Odur ki, ikinci peykin xarici bazarlara çıxarılması planlaşdırılıb. Bu bizim kosmik fəzada mövqelərimizi, kosmik xidmətlər bazarında rəqabət qabiliyyətimizi artıracaq, o cümlədən, "Azərkosmos"a əlavə gəlir gətirəcək".
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərkibində olan Tənzimləyici Departamenti sərbəstləşdirməyə çalışacaq. Qurumun bazarın tənzimlənməsi məsələlərində Nazirlikdən asılılığını maksimum şəkildə azaltmağa çalışacağıq. Azərbaycanın orbitə çıxarmağa planlaşdırdığı ikinci süni telekommunikasiya peykindən danışan nazir əlavə edib ki, ölkə ümumilikdə 8 orbital mövqe üzrə qonşu kosmik ölkələrlə danışıqlara başlayıb: "Çünki onların istifadəsi üçün koordinasiya lazımdır. Bu, çox çətin prosesdir, çünki kosmik fəzada sıxlıq daha böyükdür. Əsas danışıqlar Rusiya və onun şirkətləri ilə aparılmalıdır. Bizim kosmik fəzada əsas yeri onlar tuturlar. Hesab edirik ki, hər iki peykimiz üçün fərdi orbital mövqelərimizdən istifadə edə biləcəyik".
Ə.Abbasov qeyd edib ki, Azərbaycanın orbital mövqeləri Şərqi Avropadan Sakit okeana qədər ərazini əhatə edir. Onun sözlərinə görə, bu ərazidə Rusiya, Yaponiya, Çin kimi ölkələr yerləşir ki, bu məsələ onlarla razılaşdırılmalıdır.
"Çünki tezlik fəzası olduqca sıxdır. Rentabelli layihələrə çıxmaq üçün onları qonşu kosmik ölkələrlə razılaşdırmaq lazımdır. Hazırda "Azerispace-1" süni peyki üçün Malayziyanın orbital mövqeyini 20 illik icarəyə götürməklə istifadə edərik. Lakin sonrakı peyklərdə Azərbaycanın öz orbital mövqelərindən istifadə etmək istəyirik", - deyə nazir vurğulayıb.
Azərbaycan ikinci süni kosmik peykin orbitə buraxılması üçün keçirilən tenderdə iştirak etmək məqsədilə telekommunikasiya və peyk sahəsində Yaponiyanın aparıcı təşkilatı olan NEC (Nippon Electric Corporation) Korporasiyasına təkliflər paketi göndərib. Hazırda Yaponiya hökuməti və NEC Korporasiyası bu təklifi nəzərdən keçirir. Bunu jurnalistlərə açıqlamasında NEC Korporasiyasının Avropa, Yaxın Şərq və Afrika bölməsinin baş direktoru Masahiro İkeno bildirib. O, əlavə edib ki, Azərbaycanın verdiyi bu imkan nəzərdən keçiriləndən sonra Yaponiya məsələ ilə bağlı son fikrini açıqlayacaq. M.İkeno Azərbaycana planşet istehsalı sahəsində də kömək edə biləcəyini də bildirib: "İlk öncə Azərbaycana bu məhsulun, həmçinin bizim çatdıracağımız məhsulun və ya xidmətlərin sizin cəmiyyətə necə töhfə verə biləcəyini nəzərə almalıyıq".
Azərbaycan ilk süni rabitə peykindən artıq 10 mln. dollar gəlir əldə edib və peyklə bağlı cəlb edilən kreditlərin 70%-ə qədəri qaytarılıb. Azərbaycanda İKT-dən əldə edilən gəlir 2 mlrd. dollardır və 2020-ci ilə qədər bu göstəricinin 8,5 mlrd. dollara çatacağı gözlənilir. Bu sahədə orta illik artımın 15-18% olacağı prqnozlaşdırılır. Ölkəmiz kiçik olduğu üçün bazarın həcmi böyük deyil. Ona görə də innovaftiv xarakterli xidmət və məhsulların xaricə çıxarılması əsas götürüləcək.
2020-ci ilə qədər dövlətin əhaliyə təqdim etdiyi xidmətlərin 100%-nin "Elektron Hökumət" vasitəsi ilə həyata keçirilməsi, əhalinin elektron xidmətlərdən istifadə səviyyəsinin 80%-ə çatdırılması nəzərdə tutulur. "Qızıl üçbucaq" deyilən konsepsiya üzərində iş aparılır. Birinci növbədə intellektual insan potensialı yetişdirilməlidir. Bu istiqamətdə son vaxtlar yeni universitetlərin yaradılması da qeyd olunmalıdır. İkincisi, əlverişli biznes mühitinin yaradılması ilə bağlıdır. Texnoparkların yaradılması və yeni vergi və gömrük siyasəti bura daxildir. Üçbucağın üçüncü bucağı kapitala bağlıdır. Neftdən gələn gəlirlərin qeyri-neft sektoruna, texnologiyanın inkişafına yönəldilməsi həyata keçirilir. Bu istiqamətdə işlər gerçəkləşdirilərsə, "Qızıl üçbucaq" konsepsiyası uğurla həyata keçiriləcək.
Azərbaycanın İKT məhsullarının xarici bazarlara çıxarılması üçün transmilli şirkətlərlə əməkdaşlığı, birgə layihələrin həyata keçirilməsini zəruri sayan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib ki, 2020-ci ilədək İKT sahəsinə dövlət tərəfindən 3-3,3 mlrd. dollar, özəl sektor tərəfindən də təxminən eyni həcmdə sərmayə yatırılacağı gözlənilir: "Əgər İKT sahəsinə qoyulan 1 dollar sərmayənin 10 dollar gəlir verdiyini nəzərə alsaq, hədəflərimizə nail ola bilərik".
Qeyd edək ki, ilk telekommunikasiya peyki 2013-cü ilin fevralında orbitə çıxarılıb və mayından etibarən kommersiya fəaliyyətinə başlayıb. Peykin əhatə zonasına Avropa, Afrika, Qafqaz regionu, Yaxın Şərq və Mərkəzi Asiya regionları daxildir. Rabitə və informasiya texnologiyaları neft sahəsindən sonra Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sektoru olacağı gözlənilir. İKT-nin geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsində xarici ölkələrdən asılılığının aradan qaldırılmasını zərurətə çevirib. İqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanı regionda informasiyanın ötürülməsi sahəsində də lider ölkəyə çevirəcək.