Növbəti hərracda 25 dövlət əmlakı özəlləşdirilib İqtisadiyyat

Növbəti hərracda 25 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən (ƏMDK) avqustun 14-də növbəti hərrac elektron müstəvidə keçirilib və bu hərracda 25 dövlət əmlakına 29 sifariş verilib. Komitədən bildirilib ki, dövlət əmlaklarından 4-nün sifarişi elektron formada qəbul edilib. Özəlləşdirilən əmlaklardan 6-sı kiçik dövlət müəssisə və obyekti, 10-u qeyri-yaşayış sahəsi, 9-u nəqliyyat vasitəsi kateqoriyalarına aiddir.
ƏMDK-nın dövlət əmlaklarının özəlləşdirilməsi sahəsində keçirdiyi hərraclara hər kəs olduğu məkandan qoşula bilir. Bunu Elektron hərrac sisteminin tətbiqi mümkün edir. Müasirlik və optimallığın təminatı nəticəsində elektron sifarişlərin verilməsi, internetin olduğu məkanlarda onlayn iştirak imkanları prosesi vətəndaşa daha yaxın edir. Belə üstünlüklərin olduğu hərraclarda özəlləşdirilən dövlət əmlakları investorların biznes planlarını reallaşdırır, onları əmlak sahibinə çevirir.
Şəffaf və əlçatan formada keçən prosesdə vətəndaş aktivliyi və rəqabət müşahidə olunub. Bu dəfə hərracda 4 avtomobil rəqabətli mühit yaradıb. Belə ki, buraxılış ili 2012-ci il olan "VAZ-21214" markalı avtomobilə ilkin qiymət 3 min 500 manat təyin olunub. İştirakçılar arasında mübarizə satış qiymətini 5 min 200 manata yüksəldib. "VAZ-21074" markalı nəqliyyat vasitəsinin ilkin qiyməti 1400 manat təyin olunsa da, hərrac qalibi bu avtomobil üçün 2 min 700 manat ödəyib.
İnvestor tərəfindən 30 min manat ödənilməklə özəlləşdirilən Tərtər kinoteatrının ümumi faydalı sahəsi 377 kvadratmetrdir. Bu dövlət əmlakına investisiya qoyaraq fəaliyyətinin bərpası sahibinə yüksək gəlir qazandıracaq. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrindən biri də İmişli rayonu, Meliorator qəsəbəsində yerləşən 49 saylı yeməkxanadır. Ümumi faydalı sahəsi 620 kvadratmetr olan bu obyekt üçün vətəndaş 20 min manat ödəyib.
Müxtəlif xidmət sahələrində gəlirli obyektə çevriləcək qeyri-yaşayış sahələri Bakı, Şirvan, Sumqayıt, Balakən və Mingəçevir şəhərlərində yerləşir. Paytaxtın Səbail rayonu, S.Vurğun küçəsindəki əmlakın ümumi faydalı sahəsi 70 kvadratmetrdir. Sifarişçi əlverişli ərazidə yerləşən, yüksək qazanclı xidmətə imkan yaradacaq bu obyekti 52 min 500 manat ödəməklə özəlləşdirib. Bundan başqa, prosesdə özəlləşdirilən digər qazanclı əmlak Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki qeyri-yaşayış sahəsidir. Obyektin satış qiyməti 9 min manat, ümumi faydalı sahəsi isə 69,5 kvadratmetr təşkil edir. Komitə tərəfindən növbəti hərrac avqustun 21-də keçiriləcək. Hərraca ümumilikdə 151 dövlət əmlakı çıxarılıb. Bunlardan 23-ü səhmdar cəmiyyət, 86-sı kiçik dövlət müəssisə və obyekti, 33-ü qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.