Çexiya ilə təyyarə və radarların satışı üzrə əməkdaşlıq qurula bilər İqtisadiyyat

Çexiya ilə təyyarə və radarların satışı üzrə əməkdaşlıq qurula bilər

Çexiyada istehsal olunan yüksəkkeyfiyyətli təyyarələr və radarların Azərbaycana satışı ilə bağlı əməkdaşlıq qurula bilər. Bu barədə jurnalistlərə açıqlamasında Çex Respublikasının sənaye və ticarət naziri xanım Marta Novakova deyib. Nazir bildirib ki, o, Çexiyanın sənaye və ticarət naziri vəzifəsində ilk işgüzar rəsmi səfərini Azərbaycana edib. Çex Respublikası bu regionla iqtisadi münasibətlərin qurulmasına böyük əhəmiyyət verir. Ona görə də onun başçılıq etdiyi nümayəndə heyətinə çexiyalı iş adamları da daxildir.
"Bir çox Çexiya şirkətləri Azərbaycanın reallaşdırdığı layihələrdə, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisində iştirak edib. Həmçinin Bakıda fəaliyyət göstərən "BakuBus" MMC şirkətinə məxsus avtobuslar Çexiyada fəaliyyət göstərən Fransa şirkətində çex mühəndisləri tərəfindən istehsal olunub", - deyə o bildirib. Nazir iki ölkə arasında müdafiə sənayesində əməkdaşlıq imkanlarına toxunaraq qeyd edib ki, Çex Respublikasında yüksəkkeyfiyyətli təyyarələr və radarlar istehsal olunur ki, onların Azərbaycana satışı ilə bağlı da əməkdaşlıq qurula bilər.