Fermerlərin gübrə ilə təminatı… İqtisadiyyat

Fermerlərin gübrə ilə təminatı…

Noyabrın 23-də Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı məhsullarının istehsalçılarına hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib. Bu barədə komissiyanın sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Aqrar Tədqiqatlar Mərkəzində "Gübrə ilə təminatda mövcud vəziyyət" mövzusunda keçirilən mətbuat konfransında bildirib.
Nazir müavini qeyd edib ki, iclasda subsidiyaların ödənilməsinə dair qərar qəbul edilərək Maliyyə Nazirliyinə göndərilib. Onun sözlərinə görə, bu günə qədər mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştlə bağlı "Aqrolizinq" ASC-yə və özəl şirkətlərə, ümumilikdə, 102 milyon manatdan çox subsidiya ödənilib: "Aqrolizinq" ASC-yə bu vəsaitin 25 faizinin, özəl şirkətlərə isə 51 faizinin ödənilməsi barədə qərar qəbul edilib. Özəl şirkətlərin borclarının bağlanmasında məqsəd onların ölkəyə gübrə gətirməsini stimullaşdırmaq, maliyyə məsələlərinin həllinə kömək göstərməkdir. Burada əsas məqsədlərdən biri fermerlərin gübrəyə olan tələbatını təmin etməkdir. Fermerlərin gübrə ilə təminatında özəl şirkətlərin roluna böyük önəm veririk".
İlham Quliyev bildirib ki, əvvəllər ölkədə mineral gübrələrə tələbat o qədər də çox olmayıb: "Aparılan təbliğat və maarifləndirmə işləri nəticəsində fermerlər əkin prosesində şumaltı və qidalandırıcı gübrələrdən geniş istifadə etməyə başlayıblar ki, bu da mineral gübrələrə olan tələbatı artırıb. Ölkədə gübrəyə olan tələbat "Aqrolizinq" və özəl şirkətlər tərəfindən ödənilir. Hesab edirik ki, gübrə ilə təminat məsələsində özəl şirkətlər daha fəal mövqe nümayiş etdirməlidirlər".
Kənd Təsərrüfatı Nazirliyinin ölkədə baramaçılığın inkişafına böyük önəm verdiyini deyən İlham Quliyev vurğulayıb ki, yem bazasının formalaşdırılması məqsədilə ayın sonuna kimi Azərbaycana Çindən daha 1 milyon ədəd tut tingi gətiriləcək. Bu tinglər ixtisaslaşmış rayonlar üzrə baramaçılıqla məşğul olan fermerlər arasında bölüşdürüləcək.
Arıçılara subsidiyaların verilməsi ilə bağlı prosesin gedişatı haqqında məlumat verən nazir müavini qeyd edib ki, arı ailələrinin qeydiyyatı prosesi davam edir: "Hazırda arıçılar Dövlət Aqrar İnkişaf mərkəzlərinə müraciət edərək arı ailələrini qeydiyyatdan keçirirlər. Bu prosesdə Azərbaycan Arıçılar Assosiasiyası ilə əməkdaşlığa böyük önəm veririk. Dünən mən assosiasiyanın İdarə Heyətinin üzvləri ilə görüşdüm, 3 saatdan artıq müzakirə apardıq. Hesab edirəm ki, subsidiyaların verilməsi ilin sonuna kimi tam şəkildə başa çatdırılacaq". Mətbuat konfransında jurnalistlərin kənd təsərrüfatının müxtəlif sahələrinə dair sualları cavablandırılıb.