“Cənub Qaz Dəhlizi“nə yeni ölkələr qoşula bilər İqtisadiyyat

“Cənub Qaz Dəhlizi“nə yeni ölkələr qoşula bilər

Balkan ölkələri "Cənub Qaz Dəhlizi"nə qoşula bilərlər.
Bunu energetika naziri Pərviz Şahbazov Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının yekununda mətbuat konfransında deyib.
Nazir həmçinin qeyd edib ki, Türkmənistan son iki il "Cənub Qaz Dəhlizi"nin iclaslarında iştirak edir, bu isə həmin ölkənin layihəyə qoşulmasında marağını göstərir:
"Amma məlum olduğu kimi, bunun üçün tədarükçü ölkələrlə istehlakçı ölkələr arasında müəyyən razılaşma olmalıdır. Əgər bu razılaşma əldə olunarsa, "Cənub Qaz Dəhlizi" həmin məsələni nəzərdən keçirəcək".
Energetika naziri Pərviz Şahbazov bildirib ki, bu il "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclası çərçivəsində nazirlərin görüşündə iştirakçıların sayı daha da çoxalıb və bu say 17-yə çatıb.
Nazir deyib: "İlk dəfə olaraq iclasa Serbiya, Macarıstan və San-Marino da qatılıb. Bu onu göstərir ki, bu layihəyə ildən-ilə maraq artır".
Pərviz Şahbazovun sözlərinə görə, iclas çərçivəsində işçi komitənin gələcək planları müzakirə olunub və iclasın yekunları üzrə bəyannamə imzalanıb.
Nazir əlavə edib ki, Transadriatik boru kəməri (TAP) üzrə işləri davam edir və bu gün üçün işlərin 85 faizi görülüb.