Sağlamlıq turizminin perspektivləri İqtisadiyyat

Sağlamlıq turizminin perspektivləri

Tərlan

Bakı Ekspo Mərkəzində keçirilən "BİHE" 20-ci beynəlxalq səhiyyə sərgisi çərçivəsində "Sağlamlıq turizmi - turizm sektorunun yeni trendi, marketinq strateqiyası və markalaşma" mövzusunda konfrans keçirilib. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Birliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən tədbirdə rəsmilər, Azərbaycan və Türkiyənin turizm təmsilçiləri, Dünya Sağlamlıq Turizmi Təşkilatının qurumlarının nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib ki, Azərbaycan təbii ehtiyatlarına, münbit şəraitinə və füsunkar təbiətinə görə geniş turizm potensialı olan ölkədir. Bu baxımdan sağlamlıq turizminin imkanlarını xüsusilə qeyd etmək lazımdır. Ölkəmiz nadir müalicə vasitəsi olan Naftalan nefti, şəfalı suları, palçıq vulkanları ilə məşhurdur. Son illər bu sahənin inkişafı sahəsində mühüm işlər görülür. "Azərbaycanda kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı" həyata keçirilir. Naftalan şəhərində "Çinar Hotel & SPA" və "Rixos Naftalan" sanatoriyaları, Masallıda "İstisu" və Qəbələdə "Yengicə" sanatoriyası, Naxçıvanda "Duzdağ" Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb. Siyəzəndə isə "Qalaaltı" sanatoriyasının tikintisi başa çatmaqdadır. Özəl sektorun bu sahəyə marağı daha da artıb. Sağlamlıq turizminin inkişafı ilə bağlı özəl sektor tərəfindən nazirliyə təqdim olunan investisiya layihələri dəstəklənib. Bu sahədə maraqlı tərəflərin fəaliyyətinin koordinasiyası üçün nazirliyin dəstəyi ilə ötən il "Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək" İctimai Birliyi təsis edilib.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Əhməd Arslan dünya ölkələrinin sağlamlıq turizmi istiqamətində əldə etdiyi uğurlardan bəhs etdi. Milli Məclisin sosial siyasət komissiyasının üzvü İlham Məmmədov Azərbaycanın sağlamlıq turizmi imkanlarından danışıb. Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Əlişir Musayev bu sahənin inkişafı üçün səhiyyə və turizmi təmsil edən dövlət qurumlarının, özəl sektorun əlaqəli işləməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev slaydlar vasitəsilə Azərbaycanın sağlamlıq turizmi imkanları haqqında təqdimat edib. Türkiyə Sağlamlıq Turizmini İnkişaf Şurasının rəhbəri Emin Cakmak iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi, Afyon Kocatepe Universitetinin rektoru Mustafa Solak və Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov təmsil etdikləri universitetlərdə sağlıq turizmi müəssisələri üçün kadr hazırlığından danışıblar.