Rusiya iqtisadiyyatı ağır durumda İqtisadiyyat

Rusiya iqtisadiyyatı ağır durumda

Rublun dəyərdən düşməsi Putini çıxılmaz vəziyyətə salıb

Cavid

Ukraynaya hərbi təcavüz etdiyi üçün Qərbin iqtisadi sanksiyaları ilə üzləşən Rusiyada iqtisadi durum getdikcə pisləşir. Rusiya Milli Bankının son açıqlamalarına görə, rubl dollara və avroya nisbətdə tarixində ilə dəfə ən ucuz həddinə düşüb. 1 dollar 49, 1 avro 59 rubla satılıb. Prosesin əsas tətikçisi isə dünya bazarında neftin qiymətinin ucuzlaşmasıdır. Qərb Rusiya iqtisadiyyatının neftdən asılılığını nəzərə alaraq bütün resurslarını neftin satış qiymətinin davamlı enişini qorumağa yönəldib.
Milli valyutanın ucuzlaşmasını Rusiya hökuməti hələlik milli valyuta üçün ekspertlərin iddia etdiyi kimi fəlakət saymır.
Hökumət üzvlərinin açıqlamaları durumun iqtisadi təhlilindən daha çox siyasi bəyanatlar tonundadır - Rusiya böyük və güclü dövlətdir, nəhəng potensialı var, bu durumdan çıxa biləcək. Ekspertlər isə hökumət üzvləri qədər optimist deyillər.
Rusiya Beynəlxalq Bankının analitiki Maksim Korovun yerli mediaya açıqlamasında deyib ki, rublun ilin əvvəlindən 30 faizə qədər ucuzlaşması ölkənin maliyyə sabitliyi üçün böyük ruskdir: "Çoxları biznes-planlamada durumun bu qədər dramatik olacağını güman etmirdi. Belə bir durumda "Bank Rossiya"nın durumdan çıxış üçün valyuta intervensiyasını həyata keçirəcəyi istisna deyil. Əks halda, rublun ucuzlaşma tempi daha da sürətlənə bilər".
Rusiya iqtisadçıları bir müddət öncə proqnozlarında bildiriblər ki, əgər neftin dünya bazarındakı satış qiyməti 70 dollara ensə, 1 dolların 50 rubla qədər bahalaşa bilər. Artıq dünya birjaları Brent markalı neftin barelini 80-82 dollara təklif edir. Rusiya Mərkəzi Bankı yaydığı açıqlamada bildirilir ki, rublun sabit qalması üçün hər gün dövriyyəyə 350 milyon dollar çıxarılır. Bu tədbir bir neçə günə rublu sadəcə 5 qəpik həcmində möhkəmləndirə bilir.
Rusiya Mərkəzi Bankının oktyabr ayına olan hesabatında göstərilir ki, bank rublun kursunun saxlanmasına 29,26 milyard dollar xərcləyib. Noyabr ayı başlayandan isə hər gün bu məqsədlə 350 milyon dollar xərclənir.
Rusiya prezidenti Vladimir Putin bu durum üçün Qərbin məsuliyyət daşıdığını deyib. Rusiya Federasiya Şurasındakı çıxışında Putin deyib ki, neftin qiymətinin enməsi qərarı ABŞ-la dünyanın ən böyük neft idxalatçısı olan Səudiyyə Ərəbistanı arasındakı anlaşma əsasında baş verir. Putin çıxışında xəbərdarlıq da edib - neftin satış qiymətinin 80 dollar həcmində qalması dünya iqtisadiyyatını çökdürəcək.
Dünən isə Rusiya prezidenti Vladimir Putin dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinin səbəbini açıqlayıb. Vladimir Putin Rusiyanın İTAR-TASS agentliyinə müsahibəsində neftin qiymətinin aşağı düşməsini İŞİD-lə əlaqələndirib.
Onun sözlərinə görə İŞİD terror təşkilatının neftin bir barrelini 30 dollara satması dünya bazarlarında "qara qızıl"ın qiymətinə mənfi təsir edir. Putin neftin qiymətinin düşməsinə baxmayaraq Liviya, İraq və Səudiyyə Ərəbistanından ixracın artdığını da vurğulayıb.
Bütün çətinliklərə baxmayaraq dünya ilə Ukrayna cəbhəsində savaşını davam etdirən Putin iqtisadiyyatdakı ağır nəticələrə baxmayaraq siyasətinin yumşaltmaq fikri yoxdur.
İqtisadçı ekspert Rövşən Ağayev də Rusiya iqtisadiyyatının gələcəyi ilə bağlı pessimist proqnoz verir: "Rusiya iqtisadiyyatı innovativ iqtisadiyyat deyil. Yəni Rusiya iqtisadiyyatı texnologiyalar baxımından qabaqcıl iqtisadiyyat sayıla bilməz. İqtisadi böhranlardan daha rahat çıxan ölkələr məhz texnologiya baxımından yüksək inkişaf etmiş ölkələrdir. Son 30-40 ilin praktikası bunu göstərir. Sual yarana bilər ki, axı yüksək texnoloji imkanları olan ölkələr də böhrana düşə bilir. Ümumiyyətlə böhran iqtisadiyyat üçün xarakterik durumdur. Önəmli olan ölkələrin böhrana nə qədər davamlı olmalarıdır. Rusiyanın geridə qalmış, xammal iqtisadiyyatı belə bir uzunmüddətli böhrana davam gətirəcək kimi görünmür. Rusiya yeni texnologiyalar baxımından güclənməsə, bu böhrandan son dərəcə zəifləmiş şəkildə çıxacaq. Düşünürəm ki, bunun siyasi nəticələri də ola bilər. Rusiya iqtisadiyyatı neft gəlirləri üzərində qurulub. Rusiya hökumət üzvləri də etiraf edir ki, neft maşınqayırmasının 70 faizi idxaldan asılıdır. Qərb isə məhz bu sahəyə sanksiyalar tətbiq edir. Rusiya artıq indi işlətdiyi texnologiyalarla bağlı həyəcan təbili çalır. Çünki onların böyük bir hissəsi artıq köhnəlib. Əgər Rusiya Qərbin sanksiyaları götürməsinə nail olmasa, ölkənin neft hasilatında da ciddi problemlər yaranacaq. Söhbət ənənəvi neftçıxarmadan gedir. Texnologiyalarla neft hasilatı isə artıq böhrana daxil olub".
Rövşən Ağayev deyib ki, Rusiya illərdir iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün heç bir ciddi proqram həyata keçirməyib: "Avropa ölkələrinin hamısının bir yerdə torpağı Rusiyanın torpaqlarında azdır. Ancaq Rusiya kənd təsərrüfatını inkişaf etdirməyib. Bu haqda məsələ qaldırılanda Rusiya təbii şəraitinin olmamasını bəhanə gətirir. Məgər, Avropanın inkişaf edən ölkələrindəki durum Rusiyadakından daha münasibdir? Fransanın münbit torpaqları Rusiyanın torpaqlarından on dəflərlə azdır, ancaq aqrar sənayenin inkişafına görə birinci üçlükdədir. Rusiya isə bu qədər torpaq ehtiyatı olduğu halda ərzaq təminatında 70 faiz idxaldan asılıdır. Rusiya durumu dəyişmək üçün heç bir addım atmır. Üstəlik ölkədəki siyasi idarəetmə ölkəni aparın dalana çıxarıb – ölkə demək olar, dünyanın yarısına savaş açıb".
Rusiya Maliyyə Nazirliyinin uzunmüddətli strateji planlaşdırma idarəsinin direktoru Maksim Oreşkin bəyan edib ki, 2014-cü ildə dövlət büdcəsi bir trilyon rubldan artıq maliyyə vəsaitini geri ala bilməyəcək.
O, buna səbəb kimi neft-qazdan gələn gəlirin azalması, hökumətin daxili və xarici borc proqramının icra olunmaması ilə bağlı pul itkisini göstərib.
"234 milyard rubl xarici borcdan, 180 milyard rubl özəlləşdirmədən, daxili borcdan 250 milyard rubl ala bilməyəcəyik" -deyə, o, vurğulayıb.
Onun sözlərinə əsasən, bununla da büdcə 664 milyard rublu ala bilməyəcək: "Halbuki həmin maliyyə vəsaitini büdcədəki kəsirin azaldılmasına yönəldilə bilərdi. Bundan başqa qeyri –neftdən gələn gəlirdən 300-400 milyard dolları da almaya bilərik".
Onu da qeyd edək ki, Rusiya sanksiyalara görə, hər il təxminən 40 milyard dollar itirir.
Bu barədə Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov deyib.
Maliyyə naziri, həmçinin neftin 30 faiz ucuzlaşması nəticəsində büdcənin ildə 90-100 milyard dollar ziyana düşdüyünü də qeyd edib.
Bir qədər əvvəl Prezident Vladimir Putin Rusiyanın enerji daşıyıcılarının qiymətinin "fəlakətli" enişinə hazır olduğunu bildirmişdi.
Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Moskvaya qarşı sanksiyaların gücləndiriləcəyi təqdirdə hökumətin mümkün ssenarilər üzərində işlədiyini deyib.