“Azərbaycan Avropanın təbii qaz ehtiyacının ödənilməsinə töhfə verəcək” İqtisadiyyat

“Azərbaycan Avropanın təbii qaz ehtiyacının ödənilməsinə töhfə verəcək”

Ərdoğan: "Cənub axını"nı əvəzləyəcək kəmər "Türk axını" adlandırıla bilər

"Kəmərə "Türk axını" adının verilməsinin təşəbbüsü ilə Vladimir Putin çıxış edib"

"Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz təkcə Türkiyənin təbii qaza olan ehtiyacını ödəməyəcək.
Eyni zamanda "Şahdəniz" Avropa İttifaqı ölkələrinin də təbii qaza olan ehtiyacını ödəməyə töhfə verəcək. "APA-Economics"in Türkiyə prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Türkiyə dövlətinin başçısı Rəcəb Tayyip Ərdoğan Beynəlxalq Yanacaq və Təbii Qaz Strategiyaları Simpoziumu münasibətilə keçirilən mərasimdə çıxışı zamanı deyib.
Türkiyə prezidenti həmçinin təbii qaz sektorunda 2007-ci ildə Bakı-Tilfis-Ərzurum təbii qaz boru xəttinin və Türkiyə-Yunanıstan təbii qaz birləşdiricisinin fəaliyyətə başladığını xatırladıb. Ərdoğan həmçinin bildirib ki, Türkiyə Azərbaycanla 2018-ci ildən başlayaraq 6 mlrd. kubmetr təbii qazın ölkəsinə tədarükünü nəzərdə tutan bir anlaşma imzalayıb. Bundan başqa, prezident illik 10 mlrd. kubmetr Azərbaycan qazının inşa ediləcək yeni bir boru xətti ilə Türkiyədən Avropaya nəqli üçün TANAP layihəsi ilə əlaqədar anlaşmaların da əldə olunduğunu qeyd edib. "TANAP-ın əsas boru xətlərinin alış-satışına dair anlaşmalar da oktyabr ayında Türkiyədə imzalandı. Bu anlaşma nəticəsində təxminən 1 800 kilometrlik əsas boru xəttinin tədarükünün 80%-nı yerli polad istehsalçısı türk firmaları həyata keçirəcək", - deyə Türkiyə dövlət başçısı R. T. Ərdoğan bildirib.
Ərdoğan Rusiya ilə birgə həyata keçiriləcək layihədən də danışıb: "Türkiyə ərazisindən keçəcək, tikintisi təxirə salınmış "Cənub axını" qaz kəmərinin əvəzinə tikiləcək yeni qaz kəməri "Türk axını" adlandırıla bilər. Kəmərə "Türk axını" adının verilməsinin təşəbbüskarı Rusiya prezidenti Vladimir Putindir. Bu kəmər Qara dənizin dibi ilə Rusiyadan Türkiyəyə Yunanıstanın sərhədinə kimi gələcək. Türkiyə və Avropa onlara lazım olan qədər təbii qaz ala biləcəklər. Bununla da, Türkiyə bütün regionun enerji mərkəzi olacaq".
Qeyd edək ki, V. Putinin dekabrın 1-də Türkiyəyə səfəri zamanı Rusiyanın "Qazprom" şirkəti ilə Türkiyənin "Botaş" şirkəti arasında Qara dənizin dibi ilə Türkiyə istiqamətində illik 63 mlrd. kubmetr ötürücülük gücünə malik olan qaz boru kəmərinin tikintisi ilə bağlı anlaşma memorandumu imzalanıb. Anlaşmaya əsasən, nəql olunacaq qazın 14 mlrd. kubmetri Türkiyə üçün nəzərdə tutulub, qalan 50 mlrd. kubmetri isə Türkiyə və Yunanıstana sərhədinə çatdırılacaq.