Nazirlikdə “Məlumat mübadiləsi saatı” keçirilib İqtisadiyyat

Nazirlikdə “Məlumat mübadiləsi saatı” keçirilib

Tərlan

Yanvarın 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) əmək siyasətinin təkmilləşdirilməsi sahəsində ötən il görülən işlər və qarşıda duran vəzifələrə, habelə beynəlxalq əməkdaşlıq üzrə cari ildə həyata keçiriləcək tədbirlərə dair "Məlumat mübadiləsi saatı" keçirilib. "Məlumat mübadiləsi saatı"nı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ötən il ƏƏSMN-nin digər fəaliyyət sahələrində olduğu kimi, əmək hüquqları sisteminin təkmilləşdirilməsi sahəsində də islahatyönümlü mühüm işlərin aparıldığını qeyd edib. Nazir bildirib ki, xüsusən də Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanı ilə tətbiqinə başlanılan "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanun əmək münasibətlərinin rəsmiləşdirilməsində keyfiyyətcə yeni mərhələ açıb. "Fərmanın icrası olaraq, ƏƏSMN tərəfindən mükəmməl proqram təminatı əsasında əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi hazırlanaraq "Elektron hökumət" portalı üzərindən istifadəyə verilib. Hazırda uğurla fəaliyyət göstərən bu sistem əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasında, işçi hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsində, qeyri-leqal məşğulluq hallarının qarşısının alınmasında, büdcəyə sosial sığorta və vergi daxilolmalarının artırılmasında və s. öz faydalarını verir".
S.Müslümov ötən il əmək sahəsində hazırlanan yeni qanunvericilik layihələrindən söz açaraq, "Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya"nın, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın Əsasnaməsinin, "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları"nın layihələrinin hazırlandığını diqqətə çatdırıb. "Bununla yanaşı, Əmək Məcəlləsinin Beynəlxalq Əmək Təşkilatının (BƏT) 156 və 183 nömrəli Konvensiyalarına, habelə "Dəyişdirilmiş Avropa Sosial Xartiyası"nın müvafiq prinsipinə uyğunlaşdırılması üçün həmin Məcəllədə dəyişikliklər edilməsi ilə əlaqədar qanunvericilik layihələri də hazırlanıb. Bu dəyişikliklər Əmək Məcəlləsində mütərəqqi beynəlxalq normalardan irəli gələn yeniliklərin əksini tapmasını, məsələn, qadınların işləməsi qadağan edilən iş yerlərinin siyahısının ləğv olunaraq, yalnız hamilə və yaş yarımadək uşağı olan qadınların işləməsi qadağan edilən iş yerlərinin müəyyən olunmasını, Məcəlləyə "ailə vəzifələri olan işçi" anlayışının daxil edilməsini və s. nəzərdə tutur". Beynəlxalq əməkdaşlıq sahəsində görülən işlərə də toxunan nazir bunun nazirlikdə aparılan islahatlarda qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi baxımından mühüm önəm kəsb etdiyini diqqətə çatdırıb.
İclasda əmək siyasətinin təkmilləşdirilməsi sahəsində ötən il görülən işlər, yeni qanunvericilik layihələri və qarşıda duran vəzifələr, beynəlxalq əməkdaşlıq sahəsində cari ildə həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat verilib. Təqdim edilən məlumatlar əsasında müzakirələr aparılıb.