Vergi borclarında azalma dinamikası İqtisadiyyat

Vergi borclarında azalma dinamikası

Tural

2014-cü il ərzində vergi orqanları tərəfindən vergi borclarının alınması sahəsində həyata keçirilmiş qanunamüvafiq tədbirlər nəticəsində 1 yanvar 2015-ci il tarixə vergi ödəyicilərinin dövlət büdcəsinə olan borc məbləği 1 yanvar 2014-cü il tarixlə müqayisədə 9,6 faiz azalıb. Vergilər Nazirliyinin məlumatına görə, 2014-cü il ərzində ümumilikdə 257 min 752 vergi ödəyicisinin borcları tamamilə ləğv edilmiş, 1 yanvar 2015-ci il tarixə borclu vergi ödəyicilərinin sayının ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi 4,1 faiz təşkil edib.
Vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 84 min 465 sayda əmlakın siyahıya alınması barədə qərar açılmış, bu qərarların 80,4 faizi borclar ləğv edildiyi üçün bağlanılmış, siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 1 milyon 612,3 min manat borc məbləğini əhatə edən 955 məhkəmə qətnaməsi qəbul olunmuşdur. Ümumilikdə əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 68,9 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.
Fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 13 311 vergi ödəyicisinin 13,2 milyon manatdan çox borcu dövlət büdcəsinə ödətdirilmiş, 543 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün onların üzərlərinə həbs qoyulmaqla cərimə meydançalarında yerləşdirilməsi barədə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilmişdir.

Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə həyata keçirilmiş ədbirlər nəticəsində 1 640 fiziki şəxs üzrə 1 229,2 min manat məbləğində borc dövlət büdcəsinə ödətdirilmişdir.
Vergi orqanları tərəfindən 813 borclu fiziki şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılması, habelə kiçik həcmdə borcları olan 3 470 vergi ödəyicisinin borclarının tələbin icraya yönəldilməsi qaydasında tutulması məqsədilə aidiyyəti üzrə icra məmurlarına müraciətlər edilmişdir. Xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırdığına görə ümumilikdə 892 vergi ödəyicisi üzrə 33,2 milyon manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.