Böyük Britaniya ilə yüksək texnologiyalar sahəsində əməkdaşlıq İqtisadiyyat

Böyük Britaniya ilə yüksək texnologiyalar sahəsində əməkdaşlıq

Tərlan

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Böyük Britaniya (BB) baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi, BB parlamentinin üzvü Çarls Hendri, eləcə də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqlə görüşüb. Görüşdə nazir Əli Abbasov Azərbaycanla Böyük Britaniya arasında yeni müstəvidə uğurla davam edən tərəfdaşlığın iqtisadi istiqamətlər, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsində daha da genişləndirilməsi üçün böyük potensialın olduğuna diqqət çəkib. Ölkələrimiz arasında informasiya texnologiyaları, peyk sənayesinin inkişaf etdirilməsində qarşılıqlı marağın olduğunu deyən nazir BB-nin ən böyük telekommunikasiya şirkəti "British Telecom"la qurulan əlaqələrdən söz açaraq, hazırda Azərbaycan bazarında Böyük Britaniyanın bir neçə yeni məsləhətçi şirkətlinin fəaliyyətə başladığını vurğulayıb.
Çarls Hendrinin ölkəmizə səfəri çərçivəsində "Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında" Anlaşma Memorandumunun imzalanmasını yüksək dəyərləndirən nazir əlaqələrin daha da gücləndirilməsinə xidmət edən bu sənədin informasiya texnologiyaları, yüksək texnologiyalar sahəsində də əməkdaşlıq üçün yeni imkanlar açacağına ümidvar olduğunu bildirib.
Azərbaycanla qurulan əlaqələrin inkişafından məmnunluq ifadə edən Çarls Hendri də sözügedən memorandumun müştərək əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyini, eyni zamanda sənəddə əməkdaşlığın əsas hissəsini İT sahəsinin təşkil edəcəyini nəzərə çatdırıb. BB-nin peyk layihələrində iştirakı, xüsusən "Inmarsat" peyk şirkətinin fəaliyyəti haqda məlumat verən elçi Azərbaycanla peyk sənayesində birgə layihələrə maraq göstərdiklərini vurğulayıb.
Əlaqələrin dərinləşməsində əsaslı platforma rolunu oynayan "Bakutel"- Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransından da danışan Ç.Hendri sayca 20-ci sərgidə Böyük Britaniyanın 7-dən artıq şirkətinin iştirak etdiyini, növbəti sərgilərə isə daha çox şirkətlərin çəlb ediləcəyini qeyd edib. Görüşdə qarşılıqlı maraq yaradan digər fəaliyyət sahələri ətrafında da fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək istiqamətləri üzrə perspektiv planlar müzakirə edilib.